İmran Əliyev işgəncələrə məruz qaldığını deyir

İmran Əliyev

Aprelin 24-də Bakı Apellyasiya Məhkəməsi meclis.info saytının təsisçisi İmran Əliyev barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayəti təmin etməyib.

İ.Əliyev Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilərək həbs olunub. O, ittihamı əsasız və qurama sayır.

İ.Əliyevin yaxınları bildiriblər ki, aprelin 19-da o, Xətai rayon Məhkəməsində (həmin gün haqqında həbs qərarı verilib) Bakı Baş Polis İdarəsində işgəncəyə məruz qaldığını deyib.

Yaxınları əlavə edir ki, Əliyevin vurğulamasına görə, məhkəmədən sonra o, Xətai rayon Polis İdarəsinə aparılıb, orada isə işgəncələrdən şikayət etdiyi üçün yenidən döyülüb: "Deməsinə görə, daha sonra onu hansısa sənədi imzalamağa məcbur ediblər".

Yaxınlarının iddiasına görə, İ.Əliyevin bədənində zorakılıq izləri görünür.

DİN yalanlayır

"Turan"ın xəbərinə görə, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bütün bu deyilənləri "əsassız iddialar, şəxsi mülahizələr" adlandırıb.

+++

Aprelin 19-u Xətai Rayon Məhkəməsində meclis.info platformasının rəhbəri İmran Əliyev barəsində 2 ay 1 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

***

meclis.info platformasının dünən, aprelin 18-də saxlanan rəhbəri İmran Əliyevə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olunduğu bildirilir.

Bu barədə onun yaxınları məlumat verib.

Hazırda onun Xətai rayon Məhkəməsinə aparıldığı deyilir.

Yaxınlarının əlavə etməsinə görə, o, "AbzasMedia işi" üzrə təqsirləndirilən şəxs kimi cəlb olunub. İ.Əliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir

Son aylar Azərbaycanda aralarında "AbzasMedia" nəşrinin, "Toplum" internet televiziyasının əməkdaşlarının da olduğu 20-ə yaxın jurnalist və ictimai fəal həbs edilib. Onlara qarşı, əsasən, qaçaqmalçılıq ittihamı irəli sürülüb. Amma onlar bu ittihamı peşə fəaliyyətləri ilə bağlı, qurama və siyasi sayırlar. Rəsmilər isə ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə həbs edilmədiyini vurğulayaq siyasi həbslərlə də bağlı deyilənləri əsassız sayırlar.

"AbzasMedia işi"ndə öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilmişdi. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova Elnarə Qasımova ilə davam edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Sərbəst buraxılacağımı düşünməmişdim' - 'AbzasMedia işi'ndə dindirmələr davam edir

meclis.info platformasının rəhbəri İmran Əliyev saxlanıb

O özü aprelin 18-i axşam saatlarında Bakı hava limanında saxlandığı haqqında açıqlama yayıb. Vurğulamasına görə, aprelin 18-də bəzi media orqanlarında onun barəsində yayılan məlumatlardan sonra təhlükəsizliyi ilə bağlı Türkiyəyə getməyə qarar vermişdi.

İ.Əliyevin yaxınları da deyirlər ki, onu axşam saatlarında Heydər Əliyev adına hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlayıb.

Sonra İ.Əliyevin qara maskalı şəxslərə təhvil verildiyi iddia edilir.

Bu deyilənlərlə hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

meclis.info parlamentin fəaliyyətini monitorinq edən platformadır.

Aprelin 18-də bəzi media orqanlarında yer alan iddialara görə, meclis.info platformasının rəhbəri İ.Əliyev və bəzi başqa şəxslər maliyyə nəzarətindən yayınmaq üçün xarici ölkələrə məxsus adsız bank kartlarından istifadə ediblər. İddialara görə, xaricdən onlara ötürülən vəsaitlərin bir qismini bu kartlar vasitəsilə nağdlaşdırıblar.

İ.Əliyev özü bu iddiaları rədd edib.