Pambıq həmin pambıqdı. Sahədə alaq otlarını təmizləyən qadınların qızmar gündən qorunmaq üçün bürünməyi sovet hakimiyyəti, kolxoz quruluşu dövrünü yada salır.
Onların əksəriyyəti iyunun 19-da zəhərlənmişdilər. Deyirlər hələ də başağrılarımız çəkilməyib. Amma ehtiyaca görə işə çıxmağa məcbur olublar. İndi pambıqçılar günvurmadan, ilan-çiyandan yox, zəhərlənmədən qorxurlar. Buna görə sahəyə qatıq da aparırlar. Onların əksəriyyəti aztəminatlı ailədəndir. Nişanlı gənc qızların cehiz tədarükü etmək qayğısı var. Bəzi qadınlar yataq xəstəsi olan ərlərini azyaşlı uşaqlarına tapşırıb işə çıxmalı olublar. Aralarında təqaüdə çıxan, nəvə-nəticəsi olanlar da var. Bəzilərinin borca görə işığı, qazı kəsilib. Bəzilərinin evində bir yoğrumluq un yoxdur- bunu da deyənlər oldu. Bəzilərinin üst-üstə o qədər borcu yığılıb ki, daha onlara dükandan nisyə mal da vermirlər.
Briqadanı özləri yaradıblar. Kimsə irəli çıxıb əvvəl öz ailə üzvlərini, qohum və qonşuları başına toplayıb, sonra onlara qoşulanlar olub. İndi pambıqçılıq rayonlarının hər kəndində bir neçə belə briqada var. Nə çox kasıb, bir tikə çörəyə möhtac adam... Kasıb adamlar əvvəllər deyərdi: “Çörəyim daşdan çıxır.” İndi pambıqçılar “zəhərdən” deyirlər...
Pambığa hələ çox qulluq lazım olacaq
İndi alaq təmizləmə dövrüdür, zərərvericilərə və alağa qarşı dərmanlar texnika vasitəsi ilə cərgələrin arasındakı torpağa vurulur. Amma pambıq kölünün dibində bitən alaqlar əl əməyi ilə təmizlənir
Tarlada belə üz örtüyü ilə işləmək hələ sovet dövründən qalıb. Qadınlar bununla həm yandırıcı günəş süalarından, həm də zəhərlənmədən qorunurlar
Bu işçilərin arasında yenicə xəstəxanadan çıxanlar da var
Yenidən zəhərlənməmək üçün pambıqçılar özləri ilə sahəyə ayran və qatıq da gətirirlər
Gündə 10 saatlıq iş rejimində çalışan işçilər elə çaylarını da sahənin ortasında içməli olurlar
Qadınlar hərdən zarafatla deyirlər "bəzən ailə üzvlərimiz bizi tanımaqda çətinlik çəkirlər"
Oturub rahat çay içməyə vaxt yoxdur, başlanan cərgə sona qədər alaqdan təmizlənməlidir