Bir tatarın ana dili ‘prinsipiallığı’

Rusiyanın Tatarıstan Respublikasının hakimiyyət orqanları bir yerli sakinin regional vergi və dövlət bankının yalnız rusca xidmət göstərdiklərinə dair şikayətini rədd edib.

Etnik tatar Almaz İmamov şikayət ərizəsində bildirirdi ki, onun hüquqları pozulub, çünki ona ana dilində xidmət göstərilmir. O habelə qeyd edib ki, tatar dili Tatarıstanın ana dilidir.

Tatarıstandakı Nijnekamsk şəhərinin prokurorluğu martın 21 İmamova göndərdiyi rəsmi cavabda bildirib ki, rus və tatar dilləri Tatarıstanın dövlət dilləri olsa da, dövlət orqanları tatar dilində internet saytı yaratmağa borclu deyillər.

Prokurorluq əlavə edib ki, vətəndaş rusca başa düşmürsə, o rəsmi orqanlara tatarca müraciət etmək hüququna malikdir.

Lakin İmamov iddia edir ki, onun şikayəti ayrılıqda götürülmüş bir hal barədə yox, ümumilikdə Sberbank-ın və yerli vergi orqanlarının xidmətləri barədə idi.

Son aylarda Rusiyanın etnik regionlarında, xüsusilə də muxtar ərazilərində yerli və milli dil məsələsi bir sıra ziddiyyətlərə səbəb olub.

Rusiya prezidenti Vladimir Putin ötən iyulda deyib ki, milli azlıqların yaşadıqları regionlarda etnik ruslar yerli dilləri öyrənməyə məcbur edilir, kimisə ana dili olmayan dili öyrənməyə məcbur etmək yolverilməzdir. Putin həm də Rusiyanın etnik respublikalarında rus dilinin tədris saatlarının azaldılmasından narazılığını bildirib.

Bu bəyanatdan sonra “etnik” regionlarda rusdilli valideynlər ruscadan başqa digər dillərin məcburi tədrisini ləğvini tələb ediblər.

Tatarıstanda, qonşu Başqırdıstan və Çuvaşiyada etiraz aksiyaları keçirilib. Bu regionlarda yerli dillər rus diliylə yanaşı dövlət statusuna malikdir.