Milyarder İlon Maskın kütləvi ixtisar dönəmində işini itirmiş yüzlərlə federal işçiyə işinə dönmək təklif olunur. Bu haqda "The Associated Press" yazır.
Agentliyin əldə etdiyi daxili sənəddə Ümumi Xidmətlər Administrasiyası (GSA) işçilərə həftənin sonunadək möhlət verib ki, işə bərpanı ya qəbul, ya rədd etsinlər.
Qəbul edənlər oktyabrın 6-da işə başlamaq üçün müraciət etməlidirlər. Bu müddət ərzində onlar yeddi aylıq ödənişli məzuniyyətdə olublar.
GSA 1940-cı illərdə minlərlə federal iş yerinin alınması və idarə olunmasını mərkəzləşdirmək üçün yaradılıb.
AP Əmək Departamentinin də bəzi işçilərini geri qaytardığını, Milli Park Xidmətinin isə daha öncə bəzi işçilərini bərpa etdiyini yazır.
Demokratlar Tramp administrasiyasının xərcləri və iş yerlərini necə gəldi ixtisar etməsini kəskin tənqid ediblər. Arizonadan nümayəndə Qreq Stenton GSA-yə nəzarət edən alt komitədə aparıcı demokratdır. O, AP-yə deyib ki, agentlikdəki ixtisarların hər hansı qənaətə gətirib çıxardığını sübut edən dəlil yoxdur.
460 milyon 140 milyona salınıb
GSA-nin təxminən 12 min işçisi var. Hökumətin Effektivliyi Departamenti (DOGE) bu qurumu federal hökumətdə fırıldaqçılıq, israfçılıq və sui-istifadəyə qarşı mübarizə kampaniyasının əsas hədəfi kimi müəyyən etmişdi. İdarənin işçilərinin sayı xeyli azalıb, kütləvi ixtisar aparılıb.
DOGE-nin "qəbz divarı" vaxtilə yalnız icarələrin ləğvindən təxminən 460 milyon dollar qənaət olunacağını iddia edirdi. GSA-də daşınmaz əmlak üzrə keçmiş rəsminin dediyinə görə, iyulun sonunadək bu proqnoz 140 milyon dollara endirilib.
İ.Mask mayın 30-da Tramp administrasiyasını tərk edib. Onun DOGE rəhbəri vəzifəsində xüsusi dövlət qulluqçusu kimi səlahiyyəti başa çatıb. Prezident administrasiyasındakı işi başa çatdıqdan sonra Donald Tramp ona gördüyü işlərə görə təşəkkür əlaməti olaraq Ağ evin simvolik qızıl açarını hədiyyə edib. Bundan sonra Mask Trampın büdcə qanunu və vergi güzəştlərinin müddətinin uzadılması təklifini kəskin tənqid edərək deyib ki, qanunun qəbulu ABŞ-nin onsuz da çox olan dövlət borcunu kəskin artıracaq. Milyarder daha sonra Trampla bağlı paylaşımlarına görə üzr istəyib.