İctimai fəal İlhamiz Quliyev 4 aylıq  həbs olunub

İlhamiz Quliyev

Dekabrın 6-da ictimai fəal İlhamiz Quliyev barəsində Yasamal rayon Məhkəməsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu barədə "Turan"a onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkilin sözlərinə görə, İ.Quliyev CM-in 234.4.3-cü (külli miqdarda narkotik saxlama) maddəsi ilə ittiham olunur.

Bu ittihamla 12 ilə qədər həbs cəzası verilə bilər.

Z.Sadıqova qeyd edib ki, İ.Quliyev özünü təqsirli bilmir. Onun dediyinə görə, İ.Quliyevin bədənində xəsarət izləri var: "O, məhkəmədə onları göstərib və bildirdi ki, bu xəsarət ona polislər tərəfindən yetirilib. Məhkəmə bu məsələni araşdırmaq üçün prokurorluğa göndərdi".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Yasamal rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

DİN-dən deyilənlər...

Daxili İşlər Nazirliyindən (DİN) "Turan"a İlhamiz Quliyevin narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilməsini təsdiqləyiblər: "Vətəndaş Quliyev İlhamiz bir qrup şəxslə əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir".

Bunu DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Onun sözlərinə görə, İ.Quliyevin əvvəllər daxili işlər orqanlarında xidmət etməsi ilə bağlı iddialar əsassızdır: "O, heç vaxt polis əməkdaşı olmayıb".

İ.Quliyevin saxlanarkən döyülməsi ilə bağlı deyilənlərə DİN-dən cavab almaq mümkün olmayıb.

+++

İctimai fəalın yaxınları "Turan"a deyiblər ki, o, dekabrın 4-də evinin yaxınlığında saxlanıb: "Saxlananda İlhamiz zorakılığa məruz qalıb. Onu sürüyə-sürüyə maşına aparıblar, başından vurublar".

Onların sözlərinə görə, İ.Quliyev artıq bir neçə gündür ki, izlənilirdi: "İlhamiz oktyabr ayında polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs olunmuşdu. Bundan əvvəl isə o, AbzasMedia-ya keçmiş polis işçisi kimi narkotiklə bağlı müsahibə vermişdi. Yəqin, indiki məsələ də həmin müsahibə ilə bağlıdır".

Vəkil Zibeydə Sadıqova da "Turan"a İ.Quliyevin şübhəli şəxs qismində saxlandığını söyləyib: "O, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə,... daşıma) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Hazırda Yasamal rayon Polis İdarəsində saxlanır. İlhamiz Quliyev özünü təqsirli bilmir".

Həmin maddə üzrə şəxsə 3 ilə qədər həbs cəzası verilə bilər.