İlham Əliyev pakistanlı generalı qəbul edib

Görüş

Prezident İlham Əliyev iyunun 21-də Pakistanın Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edib.

Məlumatı prezident.az saytı yayıb.

Görüşün detalları haqda məlumat verilmir.

Son həftələrdə Pakistanın bir neçə yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olublar. Daha öncə Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın, daha sonra Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlmişdi.

Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Qamar Caved Bacvanın səfəri çərçivəsində Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, hərbi əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

Pakistanla Azərbaycan hərbi əlaqələrin daha da artırılmasını istəyirlər

İyunun 21-də Müdafiə naziri Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Qamar Caved Bacva pakistanlı mütəxəssislərin azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində iştirak etməyə hazır olduqlarını bildirib.

Eyni zamanda qeyd olunur ki, general iki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensialın olduğunu diqqətə çatdırıb.

Nazirlikdən deyilir ki, dağ təlimi mərkəzlərinin birgə istifadəsi və dağ-təlim heyətinin hazırlanması, həmçinin birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub.