Britaniyanın Rusiyaya sanksiyaları siyahısında azərbaycanlı da var

Sanksiyalar

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək ora daha 27 müəssisə və üç şəxsi əlavə edib. Onların sırasında Türkiyənin "Mastel Makina" şirkəti ilə əlaqəli Azərbaycan vətəndaşı Şanlıq Şükürov da var.

Sanksiyalar Rusiya ilə əməkdaşlıq edən Çin, Hindistan, Türkiyə və Tailand şirkətlərini də əhatələyib.

Sanksiyalar Moskvanın Ukraynada apardığı təcavüzkar müharibəyə cavab olaraq tətbiq edilib. Sanksiyalara aktivlərin dondurulması, səyahət qadağaları daxildir.

2 sentyabr

Biznesmen İlham Rəhimov Avstraliyanın sanksiya siyahısında

Böyük Britaniya və Avstraliya sentyabrın 2-də Rusiyaya qarşı sanksiya siyahılarını genişləndiriblər.

Böyük Britaniyanın sanksiya siyahısına Çeçenistan rəhbərinin anası Aymani Kadırova, Əhməd Kadırov Fondu salınıb. Siyahıda həmçinin hökumətyönlü gənclər təşkilatları olan "Birincilər Hərəkatı", "Qələbə Könüllüləri", Tatarıstanın baş nazir müavini Leyla Fazliyeva, Çeçenistan Daxili İşlər Nazirliyinin Kadırov adına Xüsusi Təyinatlı Polis Alayının komandiri Zamid Çalaev, daha bir neçə məmur da yer alıb. Onlar Ukrayna uşaqlarını qaçırmaqda və onlara Rusiyada rəsmi ideologiya aşılamaqda günahlandırılırlar.

Avstraliyanın xarici işlər naziri Penni Vonq isə sentyabrın 2-də 14 rusiyalıya qarşı sanksiyalar elan edib. Avstraliya onların Ukraynada müharibənin davam etməsinə dəstək verdiyini, siyasi müxalifətin sıxışdırılmasında əli olduğunu bildirir.

Siyahıya Vladimir Putinə yaxın azərbaycanlı biznesmen İlham Rəhimov, Ural Dağ-Metallurgiya şirkətinin həmtəsisçisi Andrey Koziçin, Tatarıstanın keçmiş prezidentinin oğlu Radik Şaymiyev, Moskva merinin müavini Maksim Liksutov, media meneceri Kristina Potupçik salınıb. Siyahıda olan şəxslərin maliyyə sanksiyaları və səyahət qadağalarına məruz qalacağı bildirilir.

İ.Rəhimova 2023-cü ildə Kanada da sanksiya tətbiq edib, onun Rusiyanın Ukraynada apardığı müharibəni maliyyələşdirən sektorlara töhfə verdiyi bildirilib.