İlham Əliyev Putini təbrik edib

İ.Əliyev və V.Putin

Martın 18-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Əliyev Putini prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Telefon söhbəti zamanı ölkələr arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bazar günü, martın 17-də Rusiyada prezident seçkilərində səsvermə (üç gün çəkib) başa çatıb.

Seçki qurumunun rəsmi açıqlamasına görə, hesablanan bülletenlərin 80 faizinin nəticələrinə əsasən, V.Putin 87 faizdən çox səs toplayıb.

Müxalif düşərgədə rəsmi nəticələrə şübhə var.

Səsvermə bülletenində dörd namizəd var idi. Putin müstəqil namizəd kimi çıxış edirdi. Kommunist Partiyasından Nikolay Xaritonovun 4.3 faiz, "Yeni adamlar" partiyasından Vladislav Davankovun 3.8 faiz, Liberal-Demokrat Partiyasından Leonid Slutskinin isə 3.2 faiz səs topladığı açıqlanıb. Bülletenlərin 1.4 faizi etibarsız sayılıb.

Ukraynaya təcavüzə qarşı çıxan namizədlər - Rjevdən olan jurnalist Yekaterina Duntsova və Dolqoprudnıdan bələdiyyə deputatı Boris Nadejdin seçkilərə buraxılmayıb. Duntsovaya imza toplamağa icazə verilməyib. Nadejdin onu dəstəkləmək üçün 200 mindən çox imza toplasa da, Mərkəzi Seçki Komissiyası onlarda qəbuledilməz "qüsur" tapıb.

Ölkənin Mərkəzi Seçki Komissiyasının açıqlamalarına görə, Putinin bu nəticəsi onun 2000-ci ildən bəri Rusiya prezidenti postuna irəli sürüldüyü beş dəfə ərzində ən yüksək göstəricidir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiyada seçkinin ikinci günü: bülletenləri korlamaq cəhdləri, saxlananlar…