Nazirliyin adı yenə dəyişdi

İ.Əliyev

Prezident İlham Əliyev bu gün, oktyabrın 11-də Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adını dəyişib. Fərmanla o, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılacaq.

Sənəd Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi niyyəti ilə izah edilir.

Fərmanla nazirliyin tabeliyində bəzi publik hüquqi şəxslər (bir neçəsi birləşməklə) də yaradılacaq.

Bu nazirliyin adı bir neçə dəfə dəyişib.

Xatırlatma

Prezident İ.Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış sərəncamı ilə Rabitə Nazirliyi ləğv edilərək onun əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb. 2014-cü il martın 7-də də onun əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. 4 il əvvəl, fevralın 13-də isə Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilib. Vahid qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılıb.

Bəzi müstəqil ekspertlər də hesab edirlər ki, dəyişən yalnız adlardır. Hərçənd, qurumun rəsmiləri belə fikirlərlə razı deyillər.