Prezident Zəngilanda olub

İ.Əliyevin Qubadlı və Zəngilana səfəri. 24 dekabr 2020

Bu gün, oktyabrın 20-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı rayonun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə və Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub. Habelə onlar "Azərişıq" ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və 110/35/10 kV-luq "Zəngilan" yarımstansiyasının açılışında iştirak ediblər.

Oktyabrın 20-də Zəngilan rayonunun işğaldan azad edilməsinin bir ili tamam olur.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü il atəşkəsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.