"Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində müxtəlif səviyyələrdə təmsilçilik nəzərdə tutulmur". Yerli saytların məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, prezident İlham Əliyevin çox sıx qrafikində və təqvimində may ayında belə səfər nəzərdə tutulmayıb.
Avropa Siyasi Birliyinin 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək
Bu qurum 2022-ci ildə, xüsusilə Ukraynadakı müharibədən sonra Avropada təhlükəsizlik və sabitliyi artırmaq məqsədilə təsis edilib.
Onun 7-ci sammiti ötən il Danimarkada keçirilib. Bu ilin yaz sammitinin Ermənistanda, 2028-ci ilin yazında isə Azərbaycanda keçirilməsi planlaşdırılır.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Ötən ilin avqustunda isə Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. Üstəlik, Azərbaycan Ermənistana onun ərazisindən daşınmaları da bərpa etdiyini açıqlayıb.