"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". AZƏRTAC-ın xəbərinə görə, bunu oktyabrın 2-də prezident İlham Əliyev sədri olduğu Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
Həmin bölgələrin inkişafına bugünə qədər 28 milyard manat vəsaitin xərcləndiyini deyən dövlət başçısı daha sonra əlavə edib: "Bu vəsaitin böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək".
Qarabağ münaqişəsi nəticəsində Azərbaycan öz ərazilərinin 20 faizinə nəzarəti itirmişdi. 2020-ci ildə Ermənistanla 44 günlük müharibə, 2023-cü ildə isə qısa hərbi əməliyyatlarla Bakı bütün ölkə ərazisində suverenliyin bərpa edib.
Prezident çıxışının davamında deyib ki, "əsas vəzifələrdən biri hərbi gücün artırılmasıdır".
Dövlət başçısı xarici siyasət məsələlərinə də toxunub: "Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da lazım deyil".
Amma istər silahlanma, istərsə də xarici siyasətlə bağlı müxalif düşərgədə zaman-zaman tənqidlər səslənir. Tənqidçilərin fikrincə, Azərbaycan son illər Avropa təsisatları ilə əməkdaşlığı zəiflədib, əvəzində Çinlə, Orta Asiya ilə əlaqələri gücləndirib. Onlar deyirlər ki, bu tendensiya ölkənin təhlükəsizlik konsepsiyası ilə üst-üstə düşmür. Üstəlik, onlar hesab edirlər ki, ölkənin silah-sursat alışında şəffaflıq yoxdur.
Xatırlatma
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bundan əvvəlki qurultayı beş il əvvəl, martın 5-də gerçəkləşmişdi.
YAP 1992-ci ildə yaradılıb. Onun ilk sədri Heydər Əliyev bir il sonra Azərbaycanda hakimiyyətə gəlib. Amma təşkilatın birinci qurultayı bundan altı il sonra - 1999-cu ilin dekabrında keçirilib.