İyunun 29-da Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, görüş Xəzər Sammiti çərçivəsində gerçəkləşib.
Əlaqələrin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu deyən Rusiya prezidenti razılaşdırılan bütün məsələlərin icra edildiyini vurğulayıb. Deyib ki, ticarət dövriyyəsi artır. Bu artım keçən il 16 faizdən çox, bu ilin üç ayının nəticələrinə görə 5.5 faiz təşkil edib.
V.Putinin sözlərinə görə, regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb.
Azərbaycan prezidenti də iki ölkə arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. İ.Əliyev bu görüşün regional məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaratdığını deyib.
Azərbaycan Prezidenti İ.Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının VI zirvə toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfər etmişdi. Onun səfəri artıq başa çatıb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr (9 noyabr) razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşü
İran prezidenti Azərbaycana gələcək
Azərbaycan prezidentinin İrana, İran prezidentinin isə Azərbaycana səfər etmək planları var.
AZƏRTAC-ın xəbərinə görə, bunu iyunun 29-da Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi deyib. "İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər", - o vurğulayıb.
Azərbaycan prezidenti də deyib ki, bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var: "Xüsusilə nəqliyyat, energetika və digər sahələrdə".
Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının VI zirvə toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfər edib. Həmin səfər çərçivəsində o, bir sıra görüşlər də keçirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xəzərin suyu geri qayıdacaqmı? EKSPLEYNER