Prezident Azərbaycanın ÜTT-yə qoşulmamasından danışıb

Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında

"30 il ərzində edilmiş dəvətlərə rəğmən, biz Ümumdünya Ticarət Təşkilatına qoşulmadıq, çünki öz iqtisadi suverenliyimizi qorumaq istəyirdik". AZƏRTAC-ın xəbərinə görə, bunu yanvarın 20-də prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında söyləyib.

"Biz siyasi suverenliyə malik olmaqla yanaşı, müxtəlif tərəflərlə yaxşı münasibət saxlamaq istəyirik", - o əlavə edib.

Bu fikirlərə ÜTT-dən almaq mümkün olmayıb.

ÜTT 1995-ci ildə yaradılıb. O, Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) varisi kimi yaradılmış beynəlxalq təşkilatdır. ÜTT millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq qurumdur. Onun funksiyasının ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etmək olduğu bildirilir.

Azərbaycanın ÜTT-yə üzv olmaq niyyətini əks etdirən ərizə 1997-ci ildə bu qurumun Katibliyinə verilib. Həmin il iyulun 16-da Azərbaycan üzrə İşçi Qrup yaradılıb. Lakin bu uzun müddətdə Azərbaycan təşkilata üzv olmayıb.

"Azərbaycanda monopoliya, oliqopoliya var..."

Mövzu ilə bağlı müstəqil iqtisadçılar AzadlıqRadiosuna ayrı-ayrı vaxtlarda deyiblər ki, işçi qrupların iclasları daha çox deklarativ xarakter daşıyır. Onların fikrincə, əsas lazım olan siyasi iradədir, amma ÜTT-yə üzv olmaq üçün bu, ortada yoxdur.

Ekspertlərin sözlərinə görə, korporativ maraqlar ölkədə rəqabətin dəstəklənməsinə, bazarın liberallaşmasına, ticarətin açılmasına mane olur.

Onlar hesab edir ki, Azərbaycan hakimiyyətinə ÜTT-nin tələblərinə uyğunlaşmaq çətindir.

Ekspertlərin həmçinin vurğulamasına görə, təşkilat idxal rüsumlarının aşağı salınmasını, ölkə bazarlarına sərbəst giriş-çıxış imkanlarının yaradılmasını tələb edir, amma Azərbaycanda monopoliya, oliqopoliya var, onlar bazara girişə baryer yaradırlar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan bu təşkilata üzv olsaydı....