Sentyabrın 30-da Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə əvvəl təkbətək, daha sonra isə geniş tərkibdə görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, R.Radev deyib ki, "biz Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışını edəcəyik".
Onun fikrincə, bu, həm Bolqarıstan, həm də Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir: "Çünki bununla Avropanın enerji xəritəsini yenidən cızırıq. Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da, təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcək".
İ.Əliyev də, öz növbəsində, bildirib ki, Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəlidir: "Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir".
+++
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstana rəsmi səfər edib.
İ.Əliyevin bu səfər çərçivəsində Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri ilə görüşü nəzərdə tutulur.
Bu görüşlərdə həm ikitərəfli, həm də regional məsələlərin müzakirəsi gözlənir.