Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.
AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak edib.
O, habelə "Azərenerji" ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarına qatılıb.
Sonra İ.Əliyevin Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdüyü qeyd edilir.
Bu gün, oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin bir ili tamam olur.
Xatırlatma
2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Qubadli rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.