İyunun 21-də Azərbaycan və Özbəkistan arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə imzalanıb.
AZƏRTAC-ın məlumatına görə, sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.
Daşkənddə həmçinin, Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında da saziş imzalanıb.
Bu sənədi isə Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.
Bundan başqa, iki ölkə arasında məşğulluq, nəqliyyat, sənaye mülkiyyətinin mühafizəsi, qanunsuz miqrasiyaya və başqa sahələrlə bağlı da əmkdaşlıq sazişləri qəbul edilib.
Azərbaycan prezidenti Özbəkistana gedib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana səfər edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə gerçəkləşən bu səfər iki gün davam etməlidir.
"İki dövlət lideri qarşılıqlı ticarət həcminin artırılmasına, biznes və regionlar səviyyəsində əməkdaşlığın gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat-tranzit sahəsində imkanlardan səmərəli istifadəyə… xüsusi diqqət yetirəcəklər", - Özbəkistan prezidentinin mətbuat xidmətinin məlumatda bildirilir.
Danışıqların yekunlarına görə sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiyalar, turizm sahəsində əməkdaşlığa dair ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.