Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də yeni təyin edilən icra başçılarını videoformatda qəbul edib. Onlar Coşqun Cəbrayılov (Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı), Elgin Həbibullayev (Nərimanov rayonu) və Elxan İbrahimov (Kürdəmir rayonu) olublar.
Prezident onlara deyib ki, ilk növbədə, rayonlarda vəziyyət dərindən təhlil edilməlidir, mövcud problemlərə xüsusi diqqət göstərilməlidir.
Dövlət başçısı sonra da əlavə edib ki, heç kim qanundan yuxarı ola bilməz: "Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir".
İ.Əliyev deyib ki, böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir: "Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız".
Prezidentin vurğulamasına görə, yerlərdə sahibkarlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya qoysunlar, iş yerləri yaratsınlar: "Bir sözlə, onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə almalıdır".
Xatırlatma
Azərbaycanda əsas kapitala qoyulan vəsaitdə azalma müşahidə edilir. 2022-ci ilin yanvarında əsas kapitala 658.1 milyon manat, yaxud 2021-ci ilin eyni ayı ilə müqayisədə 11.1 faiz az vəsait yönəldilib.