Prezident:  ‘Ordu quruculuğu prosesi dayanmayacaq’ 

Hadrut

“Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması, – bütün bunlar göz qabağındadır”

AZƏRTAC –ın xəbərinə görə, bunu dekabrın 24-də Hadrutda Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Onun vurğulamasına görə, bütün bunlar onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq.

Onun əlavə etməsinə görə, müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, həm də yeni silahlı birləşmələr yaradılır:

“Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox komando briqadaları artıq Azərbaycanda yaradılır…”

***

Dekabrın 24-də Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı hərbi hissə açılışında iştirak edib. Sonra onlar təlim mərkəzi ilə tanış olub və təlim fəaliyyətini izləyiblər.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Hadrut qəsəbəsi daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Prezident Hadrutdan da Şuşaya gedib

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gediblər.