İlham Əliyev: Fələstində məktəbin inşa edilməsi gündəlikdədir

Prezident İlham Əliyev Fələstin lideri Mahmud Abbası Bakıda qarşılayır. 2011

Azərbaycanın Fələstində məktəb inşa etməsi gündəlikdədir. Eyni zamanda, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərmək niyyətindədir.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Fələstin lideri Mahmud Abbasa məktubunda bildirib.

Azərbaycan sözügedən agentliyə bundan əvvəl maliyyə yardımları edib. Builki sonuncu yardımın həcimi 1.6 milyon dollar təşkil edib.

Məktubda deyilir ki, keçən il Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin təsis edilməsi ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılmış müsbət addım idi: "Tərəfimizdən Fələstində məktəbin inşa edilməsi məsələsi də gündəlikdədir".

İ.Əliyev Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümidvar olduğunu bildirib: "Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir".

Məktub noyabrın 15-i Fələstinin milli bayramı münasibəti ilə göndərilib. 1988-ci il noyabrın 15-də Fələstin Dövlətinin yaradıldığı elan edilmişdi.

Azərbaycan ötən il həm Fələstində diplomatik nümayəndəlik, həm də İsraildə səfirlik açıb.

Xatırlama

HƏMAS silahlı radikalları bu il oktyabrın 7-də İsrailin cənubuna girərək 240-dək adamı girov götürüb, azı min 200 nəfəri öldürüb. İsrail buna cavab olaraq Qəzzaya hücuma başlayıb.

Fələstin rəsmiləri indiyə kimi 11 mindən çox Qəzza sakininin öldürüldüyünü açıqlayıb.

ABŞ və Avropa İttifaqı (Aİ) HƏMAS-ı terrorçu təşkilat sayır.

İsrail-Fələstin münaqişəsi ötən əsrin ortalarında başlayıb. Onda BMT orada həm İsrail, həm də Fələstin dövlətinin yaradılmasını dəstəkləsə də, bir çox ərəb ölkələri İsraili tanımayıblar.