Prezident Cəbrayıl rayonunda da səfərdə olub

İlham Əliyev Cəbrayılda. 4 oktyabr 2021

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Cəbrayılda "KAMaz" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoyub.

Xəbərdə bildirilir ki, prezident Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməl qoyma mərasiminə də qatılıb.

Dövlət başçısı habelə, 110/35/10 kV-luq "Cəbrayıl" yarımstansiyasının açılışında iştirak edib.

Məlumata görə, o, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılış mərasimində də olub. Dövlət başçısı habelə Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub.

Bu gün, oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin bir ili tamam olur.

Bir gün əvvəl, oktyabrın 3-də isə prezident Tərtər və Bərdə rayonlarında səfərdə olmuşdu.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və (Cəbrayıl rayonu daxil) ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.