Kreml Bakıdakı Rusiya-Almaniya görüşündən 'xəbərsizdir'
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakı görüşü barədə məlumata malik deyil.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualına cavab verərkən: "Məndə bu görüş barədə heç bir məlumat yoxdur. Ona görə də sizə deyə biləcəyim bir şey yoxdur", — deyə bildirib.
Bundan əvvəl "The Times" qəzeti iyul ayında Bakıda belə bir görüşün keçirildiyini yazmışdı.
İlham Əliyev Bakıdakı gizli Rusiya-Almaniya görüşünü təsdiqləyib
Prezident İlham Əliyev Rusiya və Almaniyanın keçmiş rəsmi şəxslərinin Ukrayna müharibəsini müzakirə etməsinə dair media xəbərlərini təsdiqləyib. "The Times" qəzeti də daxil olmaqla, bir sıra media qurumları bu görüş barədə məlumat yaymışdı.
"Bloomberg" və yerli mətbuat yazır ki, dövlət başçısı bu barədə Berlində Almaniya kansleri Fridrix Mertslə görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.
"Detalları açıqlaya bilmərəm, çünki həmin müzakirələrdə iştirak etməmişəm. Amma uçuş məlumatları mənə əsas verir deyim ki, Bakıda belə bir gizli görüş keçirilib", – Əliyev bildirib.
Onun sözlərinə görə, bu təmaslar üçün Azərbaycan ərazisindən ölkə rəhbərliyinin xəbəri olmadan istifadə edilib: "Əgər bu görüş Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılmasına töhfə vermək məqsədi daşıyıbsa, bunu yalnız alqışlaya bilərik".
Merts isə bildirib ki, bu görüş barədə heç nə bilmir və Almaniya hökumətinin bura heç bir aidiyyəti yoxdur.
"The Times" daha əvvəl yazmışdı ki, Almaniya tərəfindən prosesə keçmiş kansler Angela Merkelin administrasiya rəhbəri Ronald Pofalla və Brandenburq federal əyalətinin keçmiş baş naziri Mattias Platsek qatılıblar. Rusiyanı isə görüşdə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev və "Qazprom"un Direktorlar Şurasının sədri, Rusiyanın keçmiş baş naziri Viktor Zubkov təmsil ediblər.
Əliyev gizli danışıqların iyulun 12-14-də keçirildiyini diqqətə çatdırıb.
Medianın məlumatına görə, müzakirələrdə Ukraynadakı müharibəyə son qoyulmasının mümkün yolları nəzərdən keçirilib. Görüşdə adı çəkilən şəxslər, eləcə də Rusiya rəsmiləri hələlik bu xəbərləri şərh etməyiblər.
Roderix Kizevetter
"Bu, ilk belə gizli görüş deyildi"
Almaniyalı deputat Roderix Kizevetter inanır ki, Almaniya hökuməti bu görüşdən xəbərdar olsa da, onun qarşısını almayıb: "Bu, ilk belə gizli görüş deyildi. Buna görə də ehtimal etmək olar ki, Almaniya hökuməti bu danışıqlardan xəbərdardır. Hökumət istəsəydi, bu cür təmasların qarşısını asanlıqla ala və ya onları birmənalı pisləyə bilərdi. Federal hökumət bunu gerçəkləşdirmədiyinə görə hesab edirəm ki, o, gizli diplomatiyanı dəstəkləyir və eyni zamanda bu görüşlərdən məlumatlıdır".
Almaniyanın kansleri Fridrix Merts isə bildirib ki, bu görüş barədə heç nə bilmir və Almaniya hökumətinin bura heç bir aidiyyəti yoxdur.
Deputat R.Kizevetterin fikrincə, iştirakçıların tərkibini nəzərə alanda güman etmək olar ki, məqsədlərdən biri Almaniya ilə Rusiya arasında, xüsusilə enerji sahəsində, iqtisadi əlaqələrin bərpası və ya gücləndirilməsi olub.
"Diqqətçəkən digər məqam odur ki, Rusiya Almaniyanın Ukraynaya dəstəyi ilə bağlı siyasətinə təsir göstərməyə çalışır. Rusiya hərbi sahədə irəliləyiş qazana bilmədiyi üçün Ukraynanı siyasi vasitələrlə özünə tabe etdirməyə çalışır. Bu məqsədlə Avropanın Ukraynaya dəstəyini zəiflətmək istəyir və burada Almaniya əsas rol oynayan ölkələrdən biridir. Əsas hədəf Rusiyaya qarşı sanksiyaların yumşaldılması, əvəzində Ukraynaya saxta danışıqlara başlamaq üçün təzyiqin artırılmasıdır", – deputat əlavə edir.
Deputat bildirir ki, Rusiya enerjidən müharibə aləti kimi istifadə edir, Rusiya ilə əlaqələri olan alman siyasətçiləri isə bu cür təsirlərə xüsusilə həssasdırlar: "Bu baxımdan, təəssüf ki, Rusiyanın təsir cəhdləri çox vaxt uğurla nəticələnir".
Ştefan Mayster
"Kansler aparatının Bakıdakı görüşdən xəbəri var"
Almaniya Xarici Siyasət Cəmiyyətinin (DGAP) Şərqi Avropa, Rusiya və Orta Asiya Mərkəzinin rəhbəri Ştefan Mayster deyir ki, Almaniya Xarici İşlər Nazirliyində və Kansler Aparatında artıq bir neçə aydır Rusiya tərəfi ilə qapalı əlaqə kanalına ehtiyac ola biləcəyi barədə müzakirələr gedir. Məqsəd müharibənin dayandırılması üçün mümkün şərtləri, ehtimal olunan danışıqlar formatlarını və Almaniyanın rolunu araşdırmaqdır: "Bakıda bir neçə dəfə görüşlərin keçirildiyi ayrıca bir kanal da var. Rəsmi dairələr bu kanalı dəstəkləmir və kifayət qədər problemli sayılır. Çünki Almaniyanı görüşlərdə əsasən artıq siyasi çəkisini itirmiş və heç bir rəsmi mandatı olmayan şəxslər təmsil edirlər".
Maysterin sözlərinə görə, Kansler Aparatının Bakıdakı görüşdən xəbəri var, amma onu dəstəkləmir: "Bu, Rusiyaya daha çox rəğbət bəsləyən bir qrupun rəsmi mandat olmadan irəli sürdüyü təşəbbüsdür. Bu, artıq üçüncü və ya dördüncü görüşdür və ona çox tənqidi yanaşılır".
Keçmiş diplomat Nahid Cəfərov da düşünür ki, Azərbaycan hökumətinin də görüşdən xəbəri olub: "Azərbaycanın xəbəri olmadan bu görüşün baş tutma ehtimalı sıfıra bərabərdir. Amma Azərbaycanın görüşdə baş verənlərdən, çox güman ki, xəbəri yoxdur".
Merts Əliyevlə enerji əməkdaşlığını genişləndirməyi müzakirə edib
Almaniya kansleri Fridrix Merts bildirib ki, iyulun 21-də Azərbaycan prezidenti İlham Əliyevin Berlinə səfəri zamanı onunla xam neft və təbii qaz tədarükü sahəsində tərəfdaşlığı genişləndirməyi ətraflı müzakirə ediblər: "Qarşıdakı illərdə, xüsusilə enerji sektorunda əməkdaşlığımızı böyütmək niyyətindəyik. Almaniya idxalı, özəlliklə də qaz alışını şaxələndirməkdə olduqca maraqlıdır".
APA-nın xəbərinə görə, prezident Əliyev Azərbaycanın bu ildən Almaniyaya qaz ötürülməsinə başladığını diqqətə çatdırıb. O, Almaniya şirkətləri ilə illik həcmi 1.5 milyard kubmetr olan 10 illik saziş imzalandığını vurğulayıb: "Təbii ki, bu göstərici artırıla bilər. Əsas əngəllərdən biri maliyyələşmə ilə bağlıdır. Avropa bankları yaşıl gündəliyə görə neft-qaz layihələrini dəstəkləməyi dayandırıb. Yaxşı olar ki, bu qurumlar öz qərarlarına yenidən baxsınlar".
Ötən il Almaniya ilə ticarət dövriyyəsinin 1.5 milyard dollar təşkil etdiyini deyən İ.Əliyev ixracın əsas hissəsinin xam neftdən ibarət olduğunu vurğulayıb.
Azərbaycan rəhbəri iyulun 20-də Almaniyaya səfərə yollanıb və iyulun 21-də bu ölkənin prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.
Kansler Merts ilə danışıqlardan sonra tərəflər "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair sənəd imzalayıblar.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycan qaz hasilatını artıra bilər, amma 'xammal satıb işıqlı günə çıxan ölkə olmayıb'
Almaniyada məskunlaşan bir qrup siyasi mühacir İlham Əliyevlə Fridrix Mertsin görüşdüyü məkanın yaxınlığına toplaşaraq şüarlar səsləndirib və dövlət başçısından siyasi məhbuslara azadlıq tələb edib. Hüquq müdafiəçilərinin hazırladıqları siyahıya əsasən, hazırda Azərbaycanda 328 nəfər siyasi məhbus var.
Azərbaycan rəsmiləri isə ölkədə belə şəxslərin mövcudluğu barədə iddialarla razılaşmır və vurğulayırlar ki, adları həmin siyahıda yer alanlar törətdikləri konkret cinayətlərə görə mühakimə olunublar.