İlham Əliyev: 'Hətta müdafiə sahəsində ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq'

Azerbaijan -- President Ilham Aliyev attends "Azerbaijan Executive Breakfast" event in Davos-20Jan2026

"Strateji tərəfdaşlıq nizamnaməsinin hazırlanması ilə bağlı işçi qrupun yaradılması haqqında mən və prezident Tramp tərəfindən tarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri ilə bizim əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib. Biz demək olar ki, həmin sənədi, yəni strateji tərəfdaşlıq xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baş tutacaqdır".

AZƏRTAC-ın xəbərinə görə, bunu yanvarın 20-də prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə biznes nümayəndələrinin suallarının cavabında deyib.

Prezident əlavə edib ki, onlar avqustun 8-dən Vaşinqtona və digər şəhərlərə artıq dörd nümayəndə heyəti göndəriblər: "Onların hamısı yaxşı nəticələrlə qayıdıb və hesab edirik ki, biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq - siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində. Bu, Azərbaycan üçün Amerika Birləşmiş Ştatlarından birbaşa sərmayə cəlb etməkdə böyük imkanlar yaradacaqdır və ümid edirəm ki, bizim avropalı tərəfdaşlarımız bu məsələdə geri qalmayacaqlar".

Xatırlatma

Ötən il avqustun 8-də ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı anlaşma memorandumu da imzalanıb.

Rəsmi Bakının 2024-cü ilin noyabrında Donald Tramp ABŞ prezidenti seçilənə qədər Vaşinqtonla münasibətlərində müəyyən soyuqluq müşahidə edilib. ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.

İndi artıq yüksəksəviyyəli təmaslarda hərtərəfli əməkdaşlıq perspektivlərindən bəhs olunduğu açıqlanır.