Azərbaycan Prezidenti İlham Əliyev martın 30-da Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, bu ölkə parlamentinin üzvü Ceyms Hippini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, görüşdə neft, qaz, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippinin Azərbaycan səfəri elə bu gün, martın 30-da başlayıb. Cəmi bir gün davam edəcəyi bildirilən bu səfər çərçivəsində onun başqa rəsmi görüşlərinin olacağı da gözlənir.
Ceyms Hippi martın 30-da Şəhidlər Xiyabanını ziyarət edib.
Bu barədə məlumatı və fotonu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp paylaşıb.
Bu da xəbər verilir ki, Ceyms Hippi martın 30-da habelə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb.
Xəbər verilir ki, tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.