Prezident: 'Neçə il demək olar ki, Minsk qrupu gəldi, getdi, təklif verdi...'

Prezident İlham Əliyev Tuğ kəndində, 9 oktyabr 2021

Prezident İlham Əliyev Tuğ kəndində, 9 oktyabr 2021

“Açıq deməliyəm, neçə il bizim başımızı aldadırdılar. Deyə bilmirdim mən onlara"

"Son illərdə keçmiş məcburi köçkünlərlə görüşlərim zamanı görürdüm ki, onların gözlərində ümidlər artıq sönür və bu da təbiidir. Neçə il gözləmək olar? Neçə il demək olar ki, Minsk qrupu gəldi, getdi, təklif verdi, erməni qəbul etmədi?!" AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunda səfərdə olarkən deyib.

“Açıq deməliyəm, neçə il bizim başımızı aldadırdılar. Deyə bilmirdim mən onlara. Hətta müharibə dövründə bir çox müsahibələr verərkən tam planlarımız haqqında danışa bilmirdim. Çünki bu, hərbi sirr idi. ”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev Şuşada bayraq qaldırmağın tam qələbə olduğunu, Azərbaycanın müharibənin ilk günündən bu vəzifəni qarşıya qoyduğunu və buna nail olduğunu söyləyib.

Tənqidçilər isə Qarabağ münaqişəsinin bitmədiyini deyir, separatçı rejimin fəaliyyətini davam etdirməsinə diqqət çəkirlər. Elə Ermənistan və Qərb rəsmiləri də Dağlıq Qarabağın statusunun həllinin vacibliyindən danışırlar.

Buna da bax: Müharibəyə bir il sonra baxanda...

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Buna da bax: 'Komandirimiz rus sülhməramlılara nəsə dedi, bizi yoxlamadılar'

Qarabağ uğrunda gedən iki müharibədə ümumilikdə Azərbaycanın 20 min civarında insan itirdiyi bildirilir.

ATƏT-in Minsk qrupu uzun illər bu münaqişənin tənzimlənməsində vasitəçi olub. ABŞ, Rusiya və Fransa qurumda həmsədrlər olublar.