Prezident Suqovuşanda olub

Azərbaycan prezidenti Suqovuşanda, 20 mart 2022

Martın 20-də Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş Suqovşan qəsəbəsində olub. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məlumatda o da qeyd olunur ki, prezident xalqa Novruz təbrikini də sözgedən qəsəbədən çatdırıb.

İlham Əliyev torpağların işğaldan azad olunmasından sonra ikici dəfədir Novruz bayramını bu ərazilərdə qeyd etdiyi vurğulayıb:

"İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik" Prezident bildirib.

İlham Əliyev Suqovuşan Turizm Kompleksinin təməlinin qoyur

Məlumata görə, prezident Suqovşan Turizm Mərkəzinin təməli qoyub, bundan başqa Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışında iştirak edib.

Buna da bax:

Yerevana cavab: '...Ermənistanın digər dövlətin daxili işlərinə qarışması əsassız və yolverilməzdir'

Xatırlatma

Tərtər rayonunun ərazisinə aid olan Suqovşan qəsəbəsi 2020-ci ilin oktyabrında işğaldan azad olunub. Suqovuşan ilk dəfə 1991–1992-ci illərdə Azərbaycan ordusu tərəfindən işğaldan azad edilsə də 1994-cü ildə yenidən Ermənistan hərbi birləşmələri tərfindən işğal olunmuşdu.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Suqovuşanda avarçəkmə yarışının açılışı olub, 20 mart 2022