II və III ixtisas qruplarının imtahanı başa çatıb

İmtahan, arxif foto

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 19-da, 2019/2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə II və III ixtisas qruplarında imtahan keçirib.

İmtahan prosesinin idarə olunmasından ötrü DİM-də operativ qərargah fəaliyyət göstərdiyi və prosesinin gedişinin nəzarətdə olduğu bildirilir. “Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb”, DİM qeyd edir.

DİM habelə bildirir ki, dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədiklərindən imtahana buraxılmayıblar: “Bundan əlavə, köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv ediləcək”

Mayın 20-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılmalıdır. “Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur”, DİM açıqlayıb.

--

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün, mayın 19-da, 2019/2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə II və III ixtisas qruplarında qəbul imtahanı keçirəcək.

İmtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda baş tutacaq,ümumilikdə 66 binada aparılacaq. Prosesin idarə olunmasına 257 imtahan rəhbəri və 2845 nəzarətçi-müəllim cəlb olunacaq.

Bu barədə məlumatı DİM yayıb.

Məlumatda qeyd edilir ki, imtahanın eyni vaxtda – saat 11:00-da başlayacağı və 3 saat davam edəcək:

“İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır".

DİM habelə vurğulayıb ki, üstündə mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, imtahan binasına buraxılmayacaqlar.

İmtahanda 35422 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14031 abituriyent II qrup , 21391 abituriyent isə III qrup üzrə imtahan verməlidir.

56 yaşlı şəxs imtahan verəcək

Məlumata görə, abituriyentlərdən 32585 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 12645, III qrup üzrə 19940 nəfər), 2837 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1386, III qrup üzrə 1451 nəfər) payına düşür. 30654 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3786 nəfər də əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 55 nəfər ali təhsil, 927 nəfər isə orta ixtisas təhsili müəssisələrini bitiriblər. 165 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1963-cü il, ən gənci isə 2004-cü il təvəllüdlüdür.

Ötən həftə, mayın 13-də I və IV qrupların imtahanı keçirilmişdi.