İran iki avstraliyalı blogeri, Avstraliya da bir iranlı tələbəni azad edib

Mark Firkin və Jolie King

İranda həbsdə olan iki avstaliyalı bloger Mark Firkin və Jolie King azad olunub. Bu barədə Avstraliyanın xarici işlər naziri Marise Payne açıqlama verib.

O, blogerlərin Tehranla aparılan "çox həssas danışıqlar"dan sonra azad olunduğunu deyib.

Bu ilin uyulunda həbs olunan blogerləri İran cəsusluqda ittiham edirdi.

Nazir bir il əvvəl həbs olunan üçüncü Avstraliya vətəndaşının, Melbrun universitetinin akademiki Kylie Moore-Gilbert-in isə hələ də həbsdə qaldığını bildirib.

Bu ilin sentyabrında yarımrəsmi "Fars" informasiya agentliyi məhkəmə orqanlarına istinadla Kylie Moore-Gilbert-in də casusluq ittihamı ilə həbs olunması barədə məlumat yayıb.

Payne Moore-Gilbertin işinin çətin olduğunu vurğulayıb.

"Biz İran hökuməti ilə danışıqlarımızı davam etdirəcəyik. Moore-Gilbert-ə qarşı irəli sürülən ittihamları qəbul etmirik və onun Avstraliyaya qaytarılmasına çalışacağıq".

Reza Dehbashi

Bu arada isə İran televiziyası 13 ay əvvəl Avstraliyada həbs olunan İranlı tələbənin İrana qaytarıldığını nümayiş etdirən sujet yayıb.

Avstraliyanın Kueensland Universitetində oxuyan iranlı tələbə Reza Dehbashi "Amerika istehsalı olan müasir hərbi radocihazı" Dubaydan keçirib İrana aparmaqda ittiham olunaraq 2018-ci ildə həbs edilib.

Məlumatlarda tələbənin ölkənin xarici işlər nazirliyinin apardığı danışıqlar nəticəsində azadlığa çıxdığı qeyd olunur.

İranın rəsmi televiziya kanalı oktyabrın 5-də Reza Dehbashinin Tehrandakı İmam Xomeyni hava limanına endiyini göstərən süjet yayıb.