İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdəki üzvlərindən Elvin Mustafayevə 3 il həbs cəzası kəsilib. Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
E.Mustafayevə bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik daşıma ittihamı verilmişdi. Məhkəmə bu ittihamı dəyişib. Oradan “satış məqsədi” və “bir qrup şəxsin əlbir olması” məsələsi çıxarılıb. İctimai fəal satış məqsədi olmadan külli miqdarda narkotik əldə edib saxlamaqda təqsirli bilinib.
Cinayət işinin materiallarında iddia edilir ki, ictimai fəal Binəqədi rayonu, Cəfər Xəndan küçəsində özünü şübhəli apardığına görə saxlanılıb. İdarədə üstündə axtarış vaxtı təxminən 3 qram narkotik tapılıb.
E.Mustafayevə istintaq dövründə verilən maddələrdə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulmuşdu. Məhkəmə onu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə təqsirli bildiyindən, indən belə həbs müddəti 3 ildən 8 ilədəkdir.
E.Mustafayev bu hökmü də qəbul etmir. İctimai fəal təqsirsiz olduğunu, narkotiki cibinə polislərin qoyduğunu deyir. O, hökmdən öncə son sözündə də ictimai fəaliyyətinə görə şərləndiyini vurğulayıb:
"Marketdən çıxanda 4 nəfər zorbalıqla mənə hücum elədi. Dərhal telefonumu götürdülər. Məni idarəyə gətirdilər. Dedilər ki, bunu boynuma götürməsəm, üzümə qadın qoyub, zorlama ilə ittiham eləyəcəklər. Yaxud “İran agenti” ittihamıyla həbsə göndərəcəklər..."
Buna da bax:
Həbsdə olan həmkarlar işçisi saxlanma şəraitindən narazıdırXatırlatma
E.Mustafayev ötən ilin martında da Saatlı rayon Məhkəməsinin qərarıyla xırda xuliqanlıq və polisə müqavimətdə suçlanmış, inzibati qaydada 25 sutka həbs olunmuşdu.
O zaman da ittihamları qəbul etməyən gənc fəal bildirmişdi ki, Saatlıda sakinlərin su tələbilə keçirdiyi etiraz aksiyasında polislərin davranışını, digər yerli hakimiyyət təmsilçilərinin bu problemə reaksiyasını tənqid etməsi üzündən cəzalandırılıb.
Ötən il avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirib.
Onlar kuryerliklə məşğul şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər.
Elə həmin gün İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra – sentyabrın 20-də yenidən həbs edilib. Bu dəfə onun haqqında cinayət işi başlanıb və o, bir nəfərə bıçaqla xəsarət yetirməkdə suçlanıb. Hazırda ona verilən ittihamlarda 11 ilədək həbs cəzası nəzərdə tutulub.
A.Məmmədov isə deyir ki, bu ittiham yalandır, ümumiyyətlə, heç kimə xəsarət yetirməyib. Əksinə, özü yaşadığı evin blokundan çıxanda hücuma məruz qalıb və dərhal da ətrafdan polislər çıxaraq, onu tutub aparıblar.