'Hərb və sülh' hindistanlı fəalı cəncələ salıb

Lev Tolstoyun «Hərb və sülh» romanı Hindistanda xəbər başlıqlarına çıxıb

Lev Tolstoyun «Hərb və sülh» romanı Hindistanda xəbər başlıqlarına çıxıb. Hakim bir fəaldan nə üçün kitablarının arasında başqa bir ölkədəki müharibə haqda kitabın olduğunu soruşub.

Vernon Qonsalves ötən ayın sonu Mumbai şəhərində məhkəmə qarşısına çıxmalı olub.

Məhkəmədə hakimin verdiyi bir sual qəfildən çoxsaylı Twitter mesajlarının mövzusuna çevrilib. İstifadəçilər həm qəzəb, həm də istehza ifadə ediblər. Tvitlərdə həm çoxlu zarafat, həm də insanların Hindistanın məhkəmə sisteminə qarşı təəccübünü görmək olur.

Hakimin sualı xəbər mövzusu, «Hərb və sülh» isə Twitter-də trend olub.

Qonsalves də daxil olmaqla, beş fəal 2018-ci ilin avqustunda kasta zəminində baş vermiş zorakılıq işinə görə həbs olunub.

Buna da bax: Söz yığını, cəfəngiyat - Tolstoy 'Hərb və sülh'ü belə görürdü

«Elə başlığın özü bunun dövlətə qarşı olduğunu göstərir»

«Bar and Bench» adlı hüquq jurnalının yazdığına görə, hakim Saranq Kotval sonradan məsələyə aydınlıq gətirmək üçün «Hərb və sülh» əsərinin «klassika» olmasından xəbərdar olduğunu deyib. O əlavə edib ki, verdiyi sual Tolstoyun kitabı ilə bağlı olmayıb: «Mən müsadirə edilmiş bütün kitab və CD-lərin siyahısını oxuyurdum və heç onda da bütün materialın ittiham üçün əsas verdiyini nəzərdə tutmamışdım».

Hələ ötən il polis həbs edilmiş fəalların evlərinə girərək axtarış aparıb və müsadirə olunan kitab, sənəd və əşyaların siyahısını məhkəməyə təqdim edib.

Prokuror məhkəməyə cənab Qonsalvesin evində polisin ittihama əsas verən dəlillər aşkarladığını deyib. Bu dəlillər arasında mübahisəli başlığı olan kitab və CD-lərin də olduğu göstərilib.

«Bu kitab və CD-ləri evinizdə niyə saxlayırdınız? Bunu məhkəməyə izah etməli olacaqsınız», – hakim Qonsalvesə deyib.

Hakim həmçinin, adı «Rajya Daman Virodhi», yəni «Dövlət əsarətinə qarşı etiraz» adlı CD-ni göstərərək belə deyib: «Elə başlığın özü bunun dövlətə qarşı olduğunu göstərir».

Buna da bax: Dostoyevski Putinin aqressiyasını anlamağa kömək edə bilərmi

Polis bildirib ki, beş fəalın hamısı 2017-ci il dekabrın 31-də keçirilən irimiqyaslı yürüşdə dalitləri (toxunulmazlar kastası) qızışdırmaqla məşğul olub. Nəticədə bir nəfərin ölümünə səbəb olmuş zorakı toqquşma baş verib. Polis fəalları gəncləri radikallaşdırmaqda və zorakılığa yol açmış, habelə mövcud siyasi sistemə dözümsüzlük göstərmiş qeyri-qanuni fəaliyyətlərdə iştirakda ittiham edib.

«Cadugər ovu»

Fəalların həbsi bir çoxları tərəfindən ciddi tənqid olunub. İnsanlar bu həbsləri söz azadlığına hücum və hətta hakim Bharatiya Canata partiyasını (BJP) sorğulayanlara qarşı «cadugər ovu» kimi dəyərləndiriblər.

Bir çox istifadəçilər məhkəmə zalında belə bir sualın verilməsindən təəccüb ifadə ediblər.

Bəziləri isə digər istifadəçiləri öz kitab rəflərindəki «təxribatçı» kitabları paylaşmağa çağırıblar.

Salil Tripathi adlı bir istifadəçi Twitter-də mövzu ilə bağlı belə yazıb: «Gərək hakim öz «Qürur və qərəz»ini (ingilis yazıçısı Ceyn Ostinin eyniadlı əsərinə işarə edilir – tərc.) kənara qoyub «Hiss və həssaslıq»ını (eyni yazıçının digər əsərinə işarə edilir – tərc.) işə salmağa çalışmalıdır. Onda o anlayardı ki, «Hərb və sülh»ü oxumaq «Cinayət və cəza» (rus yazıçısı Fyodor Dostoyevskinin eyniadlı əsərinə işarə edilir-tərc.) demək deyil, «Güc və şöhrət»dir (ingilis yazıçısı Qrem Qrinin əsəri nəzərdə tutulur – tərc.)»

Başqa bir istifadəçi isə yazıb ki, əksər adamlar «Hərb və sülh»ü evlərində ona görə saxlayırlar ki, 10 ildir onu oxuyub bitirməyə çalışırlar.