Pakistan, Türkiyə və Misir müttəfiqləri Səudiyyə Ərəbistanına husilərin son hücumlarını "təhlükəli eskalasiya" adlandırıb, belə hücumları "hər hansı bəhanə ilə əsaslandırılıb" qəbul etməyin mümkün olmadığını” bildiriblər. Son günlər husilərin hücumları bir neçə nəfərin ölümünə səbəb olub və vacib infrastruktura ziyan vurub.
R4 Qrupu oktyabrın 11-də yaydığı birgə bəyanatda Ər-Riyadı dəstəklədiyini bildirib. Qrup qeyd edib ki, Səudiyyə Ərəbistanının bu hücumların qarşısını almaq, təhlükəni uzaqlaşdırmaq və yenidən təkrarlanmasını önləmək üçün atdığı bütün qanuni addımların arxasındadır.
Bəyanatda deyilir ki, qrup bu hücumların doğurduğu bütün fəsadlara və nəticələrə görə məsuliyyəti birbaşa husi silahlılarının üzərinə qoyur.
Oktyabrın 12-si səhər Ər-Riyad beynəlxalq aeroportuna edilən hücumda bir nəfər ölüb, 11 nəfər yaralanıb. Oktyabrın 10-da gerçəkləşən hücumda isə 13 nəfər həlak olub, azı 300 nəfər yaralanıb.
Husilər sentyabrda Qırmızı dəniz sahilindəki Moxa liman şəhərini və Babül-Məndəb boğazı ətrafındakı digər əraziləri ələ keçiriblər. Bu ayın əvvəlində isə Səudiyyə Ərəbistanının müdafiə qüvvələri boğaz üzərində nəzarəti husilərdən geri aldıqlarını iddia ediblər.
Silahlılar Yəmənin paytaxtı Səna daxil olmaqla, ölkənin şimalının böyük hissəsinə nəzarət edirlər. Onlar 2015-ci ildən bəri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə döyüşürlər. BMT-nin vasitəçiliyi ilə 2022-ci ildə atəşkəs əldə olunmuşdu.
Ər-Riyad hava limanı
Husilər Səudiyyədə aeroportu yenidən vurub, 1 nəfər həlak olub
Ər-Riyad beynəlxalq aeroportuna yeni hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb. Məlumatı Səudiyyə Ərəbistanı rəsmiləri yayıb. Bir gün əvvəl də bu hava limanı hücuma məruz qalıb, 13 nəfər həlak olub, azı 300 nəfər yaralanıb. Hücuma görə İranın dəstəklədiyi husi silahlılar məsuliyyəti götürüb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın məlumatına görə, oktyabrın 11-də mənşəyi açıqlanmayan mərmi Kral Xalid Beynəlxalq Hava Limanının 4-cü terminalını hədəf alaraq yanğına səbəb olub.
Koalisiya oktyabrın 12-si səhər saatlarında Səudiyyənin hava hücumundan müdafiə sistemlərinin həmin hava limanının yaxınlığında qanadlı raketi tutduğunu bildirib.
Ölkənin Şərq əyalətində bir dronun məhv edildiyi, Xamis-Muşaitə buraxılan ballistik raketin isə zərərsizləşdirildiyi açıqlanıb.
Yəməndəki husilər son aylar Səudiyyəyə dron və raket hücumlarını artırıblar. Hücumların əsas hədəflərindən biri hava limanlarıdır. Husilər beynəlxalq səviyyədə tanınan, Səudiyyənin dəstəklədiyi Yəmən hökuməti ilə döyüşürlər.
ABŞ Federal Aviasiya Administrasiyası isə ölkənin aviaşirkətlərini Səudiyyə Ərəbistanına uçarkən və ya bu ölkənin hava məkanından keçərkən ehtiyatlı olmağa çağırıb. Bu çağırış təhlükəsizlik risklərinin artması, naviqasiya sistemlərinə müdaxilə ehtimalı fonunda səslənir.
Səudiyyə- husi münaqişəsi fevralın sonunda ABŞ və İsrailin İrana qarşı müharibəsi nəticəsində kəskinləşib.
ABŞ Prezidenti Donald Tramp oktyabrın 10-da deyib ki, ABŞ Səudiyyə Ərəbistanının husilərə qarşı zərbələrinə qoşula bilər. Amma o, məsələ ilə bağlı hələ heç bir qərarın verilmədiyini bildirib.
11 oktyabr
BMT, Avropa, region ölkələri Ər-Riyad aeroportuna hücumu pisləyiblər
Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa liderləri, digər hökumətlər oktyabrın 10-da Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu pisləyiblər.
BMT-nin baş katibi Antonio Quterreş hadisədən “dərindən sarsıldığını” bildirib. O deyib ki, “mülki şəxslərə və mülki infrastruktura hücumlar beynəlxalq hüququn pozulmasıdır”. BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq hadisəni “ciddi eskalasiya” adlandırıb.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen “İranın proksilərinin” addımlarını pisləyərək xəbərdarlıq edib ki, onlar regionu “zorakılıq spiralı”na sürükləyirlər.
Almaniyanın xarici işlər naziri İohann Vadeful hücumu “Səudiyyə Ərəbistanına və mülki aviasiyaya qarşı terror aktı”, Böyük Britaniyanın müdafiə naziri Ves Stritinq isə “təhlükəli eskalasiya” adlandırıb.
Pakistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Qətər də hücumu pisləyiblər.
İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri isə telefon söhbətində regionda son eskalasiyanı müzakirə ediblər. Bu haqda Səudiyyə Ərəbistanının dövlət mediası və İranın xarici işlər naziri Abbas Əraqçi özünün “Telegram” kanalında məlumat verib.
Əraqçi bildirib ki, Tehran Səudiyyə Ərəbistanı ilə Yəmən arasında dialoqdan ötrü istənilən yardımı göstərməyə hazırdır. Sünni müsəlmanların çoxluq təşkil etdiyi Səudiyyə Ərəbistanı ilə şiələrin rəhbərlik etdiyi İran Yaxın Şərqdə nüfuz uğrunda kəskin rəqabət mövcuddur.