Keçmiş deputat Hüseyn Abdullayevin 6 illik həbs müddətinin başa çatmasına 47 gün qalmış ona qarşı yeni ittiham irəli sürüldüyü bildirilir.
İndi onun cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (Cinayət məcəlləsinin 193-1.3.2-ci mad.) ittiham olunduğu deyilir.
Bu barədə Turan-a onun vəkili Rəsul Cəfərov danışıb.
Onun deməsinə görə, martın 4-də Binəqədi Rayon Məhkəməsi keçmiş deputat barəsində əlavə olaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Abdullayev əvvəlki ittihamlar kimi, yeni ittihamı da qəbul etmir.
Vəkil istintaqın artıq araşdırdığı dövr üçün Abdullayevə qarşı ittiham irəli sürüldüyünü bildirir və bunu əsassız hesab edir.
Yeni maddə ilə Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hüseyn Abdullayev 2005-ci ildən Azərbaycan Milli Məclisində təmsil edilib. 2007-ci ildə parlamentdə Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib və sonra deputat Fəzail Ağamalı ilə aralarında insident yaşanıb. O, əvvəlcə həbs edilib, sonra xuliqanlıq ittihamı ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü ildə Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb.
2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1 (fırıldaqçılıq), 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.
Bundan sonra 6 il müddətinə azadlıqdan məhrum edilib.