'Hürriyyət'in baş redaktorunun istintaqı yekunlaşdı: işdə 'Veysəloğlu'nun da adı keçir

Sizin brauzer HTML5-i dəstəkləmir

'Hürriyyət TV'nin rəhbəri niyə saxlanılıb?

"Hürriyyət" qəzetinin və HurriyyetTV internet kanalının həbsdə olan baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) işi üzrə istintaq yekunlaşıb. Prokuror ittiham aktını təsdiqləyəndən sonra cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

V.Məmmədov Cinayət Məcəlləsinin 182.2.2-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə - təkrar və xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələriylə suçlanır.

Cinayət işində "Veysəloğlu" Şirkətlər Qrupunun da adı keçir. Baş redaktor "Veysəloğlu"na hədə-qorxu gələrək bu şirkətlər qrupunun "Hürriyyət"in hesabına 200 manat köçürməyə məcbur etməkdə ittiham olunur.

V.Məmmədov ittihamı qəbul etmir, şirkətlə aralarında reklam müqaviləsi olduğunu bildirir.

"Veysəloğlu" Şirkətlər Qrupuna Azərbaycanda ölkəboyu yüzlərlə mağazaları olan "Araz" və "Oba" supermarketlər şəbəkəsi, "Ulduz" şokolad fabriki, "Xonça" şirniyyat fabriki və başqa şirkətlər daxildir.

V.Məmmədovun qardaşı, eyni zamanda, "Hürriyyət"in baş direktoru olan Cəsur Məmmədov qəzetin kollektivi adından Baş prokuror Kamran Əliyevə məktub ünvanlayıb: "Sizdən xahişimiz odur ki, Vüqar Məmmədovla bağlı cinayət işini şəxsi nəzarətinizə götürərək DTX tərəfindən təqdim olunan ittiham aktının obyektiv araşdırılmasına göstəriş verəsiniz. Sizi əmin edirik ki, Baş Prokurorluğun bu məsələyə ədalətli yanaşması Vüqar Məmmədovun siyasi sifariş əsasında həbs olunduğunu ortaya çıxaracaq".

Xatırlatma

Ötən il oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları "Hürriyyət"in redaksiyasında axtarış aparıblar. Axtarışdan sonra baş redaktor V.Məmmədov və başqa əməkdaşlar saxlanılaraq DTX-ya aparılıb. Digər əməkdaşlar sonradan buraxılsa da, V.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinə əsaslanan ittiham irəli sürülüb.

V.Məmmədovun suçlandığı maddələrdə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Baş redaktor özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını düşünür.

O, 2023-cü ilin iyununda HurriyyetTV-nin efirində yasaqlanmış məlumatın yayılmasında günahlandırılaraq 1 ay həbs olunmuşdu.