Azərbaycan hakimiyyəti müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qarşı illərdir davam edən basqını – siyasi təqibləri, qorxutmanı gücləndirir. Son aylar partiya rəhbərliyi getdikcə daha çox hədəf alınır. Bunu "Human Rights Watch" insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktor müavini Giorqi Qoqiya yazır.
Dekabrın 19-da partiya təmsilçisi Murad Sultan 30 günlük inzibati həbsə məhkum edilib. Daha öncə isə AXCP sədri barəsində hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı ilə həbs-qətimkan tədbiri seçilib. Ə.Kərimlinin bir neçə mühafizəçisi və sürücüsü də saxlanılıb. Onun özünə 2005-ci ildən bəri səyahət qadağası tətbiq olunub.
G.Qoqiya 2025-ci ildə Azərbaycan hakimiyyətinin AXCP-yə qarşı təzyiq kampaniyasını gücləndirdiyini, ölkə boyunca onlarla üzvünü qanunsuz saxladığını, partiya rəhbərliyi və üzvlərini qısnamanın müxtəlif formalarına məruz qoyduğunu yazır. Onlara qarşı daha çox "xırda xuliqanlıq", "polisin əmrinə tabe olmamaq" maddələri, yaxud partiya üzvlərinin qurama saydığı kriminal ittihamlar irəli sürülüb. Partiya azı 20 üzvünün hazırda həbsdə olduğunu bildirir.
Dekabrın 12-də isə partiya üzvü, 22 yaşlı Elbəyi Kərimlinin həbsdə həyatına qəsd etdiyi bildirilir. O, keçmiş prezident Heydər Əliyevin heykəlinə "Stalin" yazandan sonra həbs olunub, satış məqsədilə külli miqdarda narkotik saxlamaqda təqsirli bilinib.
G.Qoqiya bu il müxtəlif ittihamlarla həbs edilən digər AXCP fəallarından da söz açır.
"Azərbaycan hakimiyyəti dinc siyasi fəaliyyətə görə saxlanılanların hamısını dərhal azad etməli, siyasi müxalifətə məhdudiyyətləri qaldırmalı, Əli Kərimliyə 20 illik səyahət qadağasını ləğv etməli, həbsdə pis rəftar və ölüm halları ilə bağlı iddiaların müstəqil və qərəzsiz araşdırılmasını təmin etməlidir", – "Human Rights Watch" təmsilçisi yazır.
Azərbaycan hakimiyyəti indiyədək oxşar tənqidləri rədd edib, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldıqlarını bildirib. İnsan haqları müdafiəçiləri isə ölkədə siyasi məhbus sayının 400-ə yaxınlaşdığını, insanların ən yüngül narazılığın ictimai şəkildə ifadəsinə görə təqib olunduğunu bildirirlər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Əli Kərimlini niyə həbs etdilər?