Baş Prokurorluğun mətbuat xidməti dekabrın 23-də bildirib ki, aksizsiz tütün məmulatlarının qaçaqmalçılığına qarşı genişmiqyaslı cinayət işinin istintaqı aparılır.
Rəsmi açıqlamada "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov və limanın briqadiri Fərrux Haqverdiyevdən bəhs edilir.
Habelə Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və digərləri də eyni açıqlamada yer alırlar.
Vurğulanır ki, onların "mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İrandan ümumilikdə 5.4 milyon manatdan artıq dəyərdə... tütün məmulatlarını aksiz markası olmadan gəmi ilə Hövsan limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib".
Həmin şəxslər Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilirlər.
İş üzrə R.Eyyubov, R.Daşdəmirov, F.Usubov, H.Eyvazlı, T.Axundzadə, F.Haqverdiyev və digərlərinin həbs edildiyi bildirilir. Bu iş üzrə bəzi şəxslər barəsində də həbslə bağlı olmayan qətimkan tədbirinin seçildiyi, bir sıra şəxslərin də beynəlxalq axtarışa verildiyi vurğulanır.
Açıqlamada iddia edilir ki, Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməllər törətməsinə də şübhə var. Onların isə Xidmətin Sahil Mühafizəsinin 3-cü Sahil nəzarəti şöbəsinin 14-cü sahil nəzarəti bölməsinin rəisi Vüsal Sadıqov, həmin bölmənin nəzarətçisi Valeh Səmədov olduqları açıqlanıb. Həmin şəxslər də CM-in 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir.
V.Sadıqov həbs edilib, V.Səmədov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Onların işi ilə də bağlı başqa həbs edilənlərin və axtarışa verilənlərin olduğu qeyd olunur.
Rəsmi açıqlamaya sözügedən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycanda bundan öncə də Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşları qanunsuz əməllərdə ittiham olunaraq həbs ediliblər.
Amma bir sıra ekspertlər də vurğulayırlar ki, məsuliyyətə cəlb edilənlərin çoxu kiçik vəzifəli əməkdaşlar olurlar. Üstəlik, onların fikrincə, bir çox hallarda verilən cəzalar da ağır ittihamlara adekvat olmur.
Ruslan Eyyubov Azərbaycan prezidentinin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.
Fərid Usubov isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur.