Noyabrın 24-də səhər saatlarında Hörmüz boğazında iki neft tankeri minaya düşərək alışıb. Bu haqda İranın dövlət mediası ölkənin Hərbi Dəniz Qüvvələrinə istinadla məlumat yayıb.
İran ordusunun baş komandanı Əmir Hatəmi bundan əvvəl bildirmişdi ki, bu strateji su yolu "gündən-günə daha çox bağlanacaq və düşmən üçün şərait daha da çətinləşəcək".
"Reuters" agentliyi isə bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini yazır.
Fevralın sonunda ABŞ və İsrail İrana hava zərbələrinə başlayandan sonra Tehran Hörmüz boğazını faktiki bağlayıb. Bu addım enerji bazarında qiymətlərin bahalaşmasına səbəb olub.
Hazırda isə Hörmüzdə gəmilərin hərəkəti üçün risklərin qalmasına baxmayaraq, neft ucuzlaşır.
Bu gün "Brent" markalı xam neftin fyuçers qiyməti 0.3 faiz azalaraq bir barel üçün 89.10 dollara düşüb. Bundan əvvəl qiymət avqustun 27-dən bəri ən aşağı həddə enmişdi.
"DBS Bank"ın analitiki Suvro Sarkar "Reuters"ə bu ucuzlaşmanı bazarda təchizatla bağlı vəziyyətin əlverişli olması ilə izah edib. Bununla belə, o, qiymətlərin yenidən yüksələ biləcəyini də istisna etməyib.
Ötən gün – noyabrın 23-də də İranın Hərbi Dəniz Qüvvələri Hörmüzdə "qaydaları pozan" üç neft tankerinin dəniz minasına düşərək yandığını açıqlamışdı.
"The Wall Street Journal" qəzeti isə ABŞ rəsmilərinə istinadla yazıb ki, Birləşmiş Ştatlar 50-yə yaxın neft və qaz tankerinin kiberhücuma məruz qalmasında İranın əli olub-olmadığını araşdırır.