Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin ölümündən 20 il keçir.
Ölkənin rəsmi qurumları 2003-cü il dekabrın 12-də Heydər Əliyevin ABŞ-ın Ohayo ştatındakı Klivlend xəstəxanasında vəfat etdiyini açıqlayıb.
H.Əliyevin səhhəti 2003-cü il aprelin 21-də Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illiyinə həsr olunmuş mərasimdə çıxış edəndə pisləşmişdi. Çıxışı zamanı 80-yaşlı Əliyev əli ilə ürəyini tutaraq yerə çökmüşdü. Cangüdənlər onu səhnədən apardıqdan 10 dəqiqə sonra H.Əliyev yenidən səhnəyə qayıdıb çıxışına davam edib, bundan sonra onun səhhəti ikinci dəfə pisləşib.
Onun vəfatının səbəbləri arasında, əsasən, ürəyində əmələ gəlmiş problemlər göstərilirdi. 2003-cü ildə həmin olaydan sonra H.Əliyev əvvəlcə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında, daha sonra isə ABŞ-ın Klivlend Klinikasında müalicə olunub.
2003-cü il avqustun 4-də H.Əliyevin sərəncamı əsasında Milli Məclis onun oğlu İlham Əliyevin baş nazir təyin olunmasını təsdiq edib. Müxalifət bunu hakimiyyətin varis planı əsasında atadan oğula ötürülməsi adlandırırdı. Hakim komanda isə hər şeyin qanunlar çərçivəsində gerçəkləşdiyini bəyan etdi.
Elə həmin ildə İ.Əliyev prezident seçkisindən də qalib çıxdı.
Sizin brauzer HTML5-i dəstəkləmir
İlham Əliyev baş nazir təyin edilir- [Arxiv görüntülər]
Qısa bilgi
Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri (1967-1969), 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub. 1982-ci ilin dekabrında Sovet İttifaqi Kommunist Partiyası (Sov.İKP) Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, 1987-ci ilin oktyabrında vəzifədən azad edilib.
1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini olub.
1993-cü ildə Gəncədə hakimiyyətə silahlı itaətsizlikdən sonra H.Əliyevi prezident Əbülfəz Elçibəy Bakıya dəvət edir. O, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilir. İyulun 24-dən isə Milli Məclisin qərarı ilə ölkə prezidentinin səlahiyyətlərini icra edib. (artıq Ə.Elçibəy Bakını tərk edib doğulduğu Kələki kəndinə getmişdi) 1993-cü və 1998-ci illərdə prezident seçkilərindən qalib çıxıb.