Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin vəzifəli şəxslərinin saxlandığı bildirilir. Bu haqda Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
İdarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun barəsində həbs-qətimkan tədbiri seçilib. Məlumatda deyilir ki, onlar digər şəxslərlə qabaqcadan əlbir olub müxtəlif məbləğlərdə pul vəsaitləri qarşılığında ayrı-ayrı çağırışçıları həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstəriblər.
Rəsulov və İsmayılova qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma, təkrar rüşvət alma, külli miqdarda rüşvət alma maddələri ilə ittiham elan olunub.
Adı çəkilən şəxslərin ittihamlara münasibəti bəlli deyil.
Bugünlərdə Xidmətin Xaçmaz, Cəlilabad və Laçın rayon şöbələrinin vəzifəli şəxsləri də eyni ittihamlarla istintaqa cəlb olunublar. Onların da ittihamlara münasibətləri açıqlanmayıb.
Buna da bax: 'Oğlumu hərbi xidmətdən saxlatdırmaq üçün 6 min manat verdim'