Səfərbərlik Xidmətinin 8 vəzifəlisi həbs edilib

SHXÇDX

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) səkkiz əməkdaşı rüşvət iddiası ilə həbs olunub.

Bu barədə aprelin 24-də Baş Prokurorluq və SHXÇDX-nin birgə məlumatında bildirilib.

Həbslər Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrini əhatə edib.

Rəsmi məlumata görə, vəzifəli şəxslərin ayrı-ayrı şəxsləri hərbi təlimlərə cəlb olunmaqdan yayındırmaq, onlara hərbi xidmətdən möhlət hüququ vermək, ölkədən çıxışa qoyulan məhdudiyyətləri aradan qaldırmaq və digər qanunsuz güzəştlər müqabilində müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr yaranıb.

Birgə açıqlamada Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədətsoylu və daha beş əməkdaşın adı qeyd olunur. Sözügedən şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. Bakı Hərbi Məhkəməsinin qərarları ilə onlar barəsində həbs-qətimkan tədbiri seçilib və vəzifələrindən uzaqlaşdırılıblar.

Həmin maddələr 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

Rəsmi açıqlamaya adı çəkilən şəxslərdən və ya onların vəkillərindən hələlik münasibət almaq mümkün olmayıb.

23 aprel

Hərbi komissarlıqlarda əməliyyatlar keçirilib

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aprelin 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir sıra rayon şöbələrində əməliyyatlar keçirib.

Baş Prokurorluq yerli saytların bu barədə məlumatlarını təsdiqləyib.

Bildirilir ki, Xidmətin Ağdaş, Cəbrayıl, Saatlı və Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib, saxlanılanlar da var.

Məlumatlarla bağlı SHXÇDX-dən münasibət almaq mümkün olmayıb.

Qurum bu ilin əvvəlində açıqlamışdı ki, 2025-ci ildə onların 172 əməkdaşı barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. Onlardan 65-i rəhbər heyətə daxil olub. "Ümumilikdə ötən il 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib", - Xidmətin məlumatda əlavə edilirdi.

Qanunverciliyə dəyişiklik...

2023-cü ilin sonundan etibarən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlılığı barədə qərar verilməsi qaydası dəyişib. Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik edilib.

Prezident üç il əvvəl oktyabrın 6-da "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzalamışdı. Qanunvericilik fərmana uyğunlaşdırılıb. Fərmana əsasən, 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə xidmətə yararlı olub-olmamaq məsələsində əsas söz sahibi SHXÇX nəzdindəki tibbi komissiyalar idi.

Amma həqiqi hərbi xidmətə çağırışla bağlı vətəndaşlardan eşidilən şikayətlər hələ də aradan qalxmayıb. Şikayətlərdə xidmətə yararsız gənclərin süründürməçiliklə üzləşdiyi, bəzi hallarda isə xidmət yerinin seçilməsində "tapşırma"ların rol oynaması və digər iddialar yer alır. Nazirlikdən isə bu şikayətlərə hələlik heç bir reaksiya yoxdur.