Hərbçilərlə görüş müvəqqəti qadağan olunur

Azərbaycan əsgərləri, arxiv foto

Azərbaycanda hərbçilərlə onların valideynləri, digər yaxınları ilə görüşləri müvəqqəti qadağan olunur.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi yanvarın 30-da məlumat yayıb.

Məlumatda qeyd olunur ki, görüşlə bağlı müvəqqəti qadağanın tətbiqi son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edilməsi ilə bağlıdır.

"Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub. Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik." Nazirliyin məlumatında deyilir.

Azərbaycanda COVİD-19-a yoluxma sayında bir müddət azalma olsa da son günlər Operativ Qərargahın açıqladığı məlumatlarda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Yanvarın 29-da açıqlanan rəsmi məlumata görə, ölkə üzrə 4268 yeni yoluxma aşkarlanıb, 17 nəfər də vəfat edib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb