Henri Kissincer 100 yaşında vəfat edib

Henri Kissincer

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer (Henry Kissinger) vəfat edib. Onun 100 yaşı vardı.

Kissincer İkinci Dünya müharibəsindən sonra ABŞ-ın ən nüfuzlu dövlət katibi sayılır. O, 1969-cu ildə prezident Riçard Niksonun (Richard Nixon) milli təhlükəsizlik üzrə müşaviri olub. 1973-cü ildə ABŞ dövlət katibi təyin edilib və hər iki postu idarə edib. Prezident Nikson istefa verəndən sonra prezident Cerald Fordun (Gerald Ford) administrasiyasında da dövlət katibi kimi çalışıb.

Nobel Sülh Mükafatına aparan yol

Məhz həmin dönəmdə Birləşmiş Ştatlar xarici siyasətdə böyük addımlar atıb, Soyuq müharibənin yönünü dəyişib. Kissincerin 1971-ci ildə apardığı gizli danışıqlar nəticəsində Nikson Pekinə tarixi səfər edib, ABŞ və Çin arasında münasibətlər normallaşıb.

Kissincer SSRİ ilə münasibətlərin yaxşılaşdırılmasına tərəfdar idi. Onun sovet rəhbərliyi ilə dialoqu yumşalmaya gətirdi, nüvə silahlarına nəzarət üzrə ikitərəfli sazişlər imzalandı.

H.Kissincer Şimali Vyetnamla çoxillik danışıqların təşkili və aparılmasında vacib rol oynayıb. Bu isə Amerika qoşunlarının Cənubi Vyetnamdan çıxarılması ilə sonuclanıb. Bu səylərinə görə o, Nobel Sülh Mükafatına layiq görülüb.

Almaniyada doğulmuş H.Kissincer 1938-ci ildə, 15 yaşında ailəsi ilə Birləşmiş Ştatlara köçüb. O, orduda xidmət edib, Harvard Universitetini bitirib, beynəlxalq münasibətləri araşdırıb. Yazdığı kitablar Kissinceri siyasi dairələrdə məşhurlaşdırıb, respublikaçıların iki administrasiyasında işləməsinə yol açıb.