Hemofiliyalı xəstələrin sayında rekord artım var

Foto: arxiv

“Bu ilin 10 ayında rekord sayda - 65 hemofiliyalı xəstə dispanser qeydiyyatına götürülüb”.

Bunu Səhiyyə Nazirliyi Elmi - Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova deyib. APA-nın xəbərinə görə, E.Qədimova noyabrın 19-da Bakıda hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkilinə dair simpoziumda çıxış edib.

Buna da bax: Qan-damar xəstəlikləri günə 160 nəfəri öldürür (İnfoqrafika)

E.Qədimova hemofiliyalı xəstələrin sayındakı rekord artımı ölkədə diaqnostikanın təkmilləşdirilməsi, xəstəliyin vaxtında aşkarlanması və maarifləndirmə işinin geniş yayılması ilə izah edib.

“Ötən 10 ildə hemofiliyalı xəstələr üçün alınan dərman vasitələrinin sayı 2 dəfə artıb. 2006-cı ildə hemofiliyalı xəstələr üçün 12 milyon ədəd beynəlxalq vahid dərman vasitəsi gətirilmişdisə, bu il onların sayı 23 milyona çatıb. Azərbaycanda hemofiliyalı xəstələr ev şəraitində, ambulator, stasionar şəraitdə müalicə alırlar”.

Onun sözlərinə görə, Bakı və Sumqayıtda, mərkəzi Aran regionunda xəstələrin sayı daha çoxdur. Bakıda qeydiyyatda olan 736, Sumqayıtda isə 77 nəfər xəstə var. 90 xəstənin qeydiyyatı ayrı-ayrı rayonlara olsa da, Bakıda yaşayır.