Rusiya XİN: HƏMAS nümayəndələri Moskvadadırlar

Rusiya xarici işlər naziri Sergey Lavrov HƏMAS nümayəndə heyətini salamlayır. Əbu Marzuk soldan üçüncüdür (Arxiv fotosu)

Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 26-da Fələstinin HƏMAS radikal islamçı qruplaşması nümayəndə heyətinin Moskvaya səfər etdiyini təsdiqləyib.

Bundan əvvəl bu barədə məlumatı nümayəndə heyətindəki mənbəyə istinadla RIA Novosti agentliyi vermişdi.

Bu da xəbər verilir ki, nümayəndə heyətinə HƏMAS “siyasi bürosunun” üzvü Əbu Marzuk başçılıq edir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu xəbəri təsdiqləyəndən sonra əlavə edib ki, hazırda İran xarici işlər nazirinin müavini Əli Bageri Kani də Moskvadadır.

Bundan az sonra Rusiya XİN bildirib ki, HƏMAS nümayəndə heyəti ilə, Qəzza zolağında rusiyalılar da daxil xarici girovların azad edilməsi məsələsi müzakirə olunub.

Buna da bax:

Paşinyan: 'Ermənistan özünə yeni tərəfdaşlar axtarır'

Girovlar barədə həyəcanlı xəbər

HƏMAS radikal qruplaşmasının silahlı qanadının nümayəndəsi Əbu Übeyda okrtyabrın 26-da deyib ki, Qəzzaya İsrailin hava zərbələri nəticəsində 50-dək girov həlak ola bilərdi.

Bu informasiya “Əl Qəssam briqadasının” teleqram kanalında yayılmışdı. Reuters yazır ki, Übeyda bundan başqa heç bir təfərrüat verməyib.

İsrail ordusu bildirir ki, HƏMAS hazırda ən azı 224 nəfəri girov saxlayır.

ABŞ, Kanada, Yaponiya, İsrail, Avropa İttifaqı da daxil bir çox ölkələrdən fərqli olaraq Rusiya HƏMAS-ı terrorçu təşkilat hesab etmir.

Xəbər verilir ki, bu, HƏMAS nümayəndələrinin təşkilatın İsrailə basqınından sonra Moskvaya ilk səfəridir.

Rusiya İsrail, İran, Fələstin muxtariyyəti və HƏMAS da daxil Yaxın Şərqin bütün əsas oyunçuları ilə əlaqə saxlayır. Moskva bildirir ki, hazırda Qəzzadakı böhran “ABŞ diplomatiyasının iflasından” xəbər verir.

Reuters yazır ki, Rusiya hökuməti İsrail və HƏMAS arasında atəşin dayandırılmasına və dinc yolla tənzimləməyə çağırır.

Buna da bax:

Brüssel görüşünün baş tutmamasının səbəbləri...

Vetolanan qətnamələr

Oktyabrın 25-də xəbər verilmişdi ki, Rusiya və Çin Qəzza zolağında İsrail və HƏMAS arasında müharibə ilə bağlı ABŞ-ın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnaməyə veto qoyublar.

Amerikanın qətnamə layihəsində deyilirdi ki, hər bir ölkənin özünümüdafiə hüququ var. Sənəddə habelə Qəzzaya humanitar yardımların çatdırılması məqsədilə “humanitar fasilələrin” verilməsi təklif olunurdu.

Amma Rusiyanın təqdim etdiyi layihədən fərqi olaraq bu sənəddə atəşkəsə çağırış edilmirdi.

Oktyabrın 16-da qətnamənin Rusiya variantına ABŞ veto qoymuşdu. Bu variantda HƏMAS-ın İsrailə hücum etməsi qeyd olunmurdu.

HƏMAS nümayəndələri bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin bu məsələdəki mövqeyini yüksək qiymətləndirdiklərini bəyan etmişdilər.

Putin Qəzzanın İsrail tərəfindən blokadasını pisləmişdi. Amma o əlavə etmişdi ki, İsrail “misli görünməmiş basqına” məruz qalıb və öz təhlükəsizliyini təmin etmək hüququna malikdir.

ABŞ prezidenti Co Bayden özünün xalqa müraciətində demişdi ki, Birləşmiş Ştatların İsraili və Ukraynanı müdafiə etmək öhdəliyi var.

O bu çıxışında Rusiya prezidentini HƏMAS-la müqayisə etmiş və demişdi ki, “Putin kimi tiranların üstün gəlməsinə imkan verə bilməz”.