Prokurorluq: Helikopterin qəzaya uğramasında kənar müdaxilə istisna olunur

Helikopter. Foto arxiv

DSX rəisi: ‘Helikopter demək olar yenidir’

Bu gün, noyabrın 30-da baş verən helikopter qəzası ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev mətbuat konfransı keçirib.

O deyib ki, Dövlət Sərhəd Xidmətinin helikopteri təlim məqsədi ilə Səngəçal aerodromundan qalxaraq "Qaraheybət" təlim meydanına eniş edərkən qəzaya uğrayıb.

Elçin Quliyev hadisə nəticəsində yaralanan şəxslərin Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunduqlarını söyləyib.

Onun deməsinə görə, pilot ən yüksək səviyyədə, ağır şəraitlərdə uçuşlara təlimatlı olan pilotlardan biri olub:

“Polkovnik Füzuli Cavadov. Hansı ki, hələ Birinci Qarabağ müharibəsində iştirak edib”.

DSX rəisi əlavə edib ki, "helikopter demək olar yenidir, qısa müddət öncə onun üzərində təmir işləri aparılıb".

***

“İstintaqın hazırki mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.”

Bu məlumatı noyabrın 30-da axşam saatlarında Azərbaycan Baş Prokurorlugu yayıb.

“Qara qutu…”

Açıqlamada qeyd edilir ki, hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır:

“Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır”.

Bildirilir ki, hadisədə zərərçəkənlər Emil CəfərovRamin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən zəruri sorğular verilib:

“Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.

***

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da qəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma- ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb".

+++

Dövlət Sərhəd Xidməti bildirib ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.

Məlumata görə, helikopter "Qaraheybət" aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən qəza enişi edib: "Daha ətraflı məlumat Baş Prokurorluq tərəfindən veriləcək".

Həlak olanların biri polkovnik, biri polkovnik-leytenant, beşi mayor, qalanlarının da əksəriyyəti kapitan və leytenant rütbələrində olub.

+++

Bu gün, noyabrın 30-da saat 10:40 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun birgə məlumatında bildirilir.