Harvard Universitetinin prezidenti Klodin Qey (Claudine Gay) yanvarın 2-də istefa verdiyini açıqlayıb. Bu, plagiatlıq ittihamları, Qeyin Konqres dinləməsindəki ifadəsinin tənqid olunmasından sonra baş verib. Qey həmin dinləmədə universitet kampusunda yəhudilərin soyqırımına çağırışların təhsil ocağının davranış siyasətini pozduğunu birmənalı olaraq deməyib.
Konqresdəki dinləmədən sonra Pensilvaniya Universitetinin prezidenti Liz Meqill (Liz Magill) dekabrın 9-da istefa vermişdi.
Harvardın ilk qaradərili prezidenti olan Qey bu vəzifədə cəmi altı ay qalıb.
Plagiatlıq iddiaları
Konqres dinləməsindən sonra Qeyin akademik karyerası da ciddi təftişə məruz qalıb. Mühafizəkar fəallar onun 1997-ci il doktorluq dissertasiyasında bir neçə plagiatlıq nümunəsi tapdıqlarını bildiriblər. Harvardın idarə heyəti əvvəl Qeyi müdafiə edib, bildirib ki, onun elmi işi nəzərdən keçirilib, "bir neçə qeyri-adekvat istinad nümunəsi" aşkarlanıb, araşdırmanın düzgün aparılmamasına dəlil tapılmayıb.
Ancaq bir neçə gün sonra Harvard Korporasiyası bildirib ki, "istinadsız oxşar" ifadənin iki əlavə nümunəsi müəyyənləşdirilib. Heyət Qeyin dissertasiyasını yeniləyəcəyini, düzəlişlər olunacağını bəyan edib.
Harvardı yeni prezident təyin olunanadək elmi işlər üzrə prorektor Alan Qarber (Alan Garber) idarə edəcək. İqtisadçı və həkim olan Qarber 12 ildir prorektordur.
İsrailin xarici işlər naziri Yisrael Katz X platformasında yazıb ki, "rəhbərlikdə qüsurun və antisemitizmi danmağın bir bədəli var".