Prezidentin qətlində şübhəlilərdən öldürülənlər və saxlananlar var

Jovenel Moiz

Moizin həyat yoldaşı da yaralanıb, hazırda müalicə olunur

Haitidə prezident Jovenel Moizin qətlində şübhəli bilinənlərdən ikisi saxlanıb.

Bu barədə məlumatı ölkənin rabitə naziri Frants Ekzantus verib.

Haiti polisinin başçısı Leon Şarl bildirib ki, şübhəlilərdən dördü öldürülüb.

Haitinin 53 yaşlı prezidneti Jovenel Moizi iyulun 7-də Porto Prensedəki Pelerin iqamətgahında qətlə yetiriblər.

İqamətgaha gecə saatlarında silahlı dəstə hücum edib. Prezident öldürülüb, birinci ledi Martina Moiz isə yaralanıb. Onu təcili tibb yardımı üçün ABŞ-a aparıblar.

Bu barədə məlumatı Haitinin Vaşinqtondakı səfiri Bokçit Edmond verib.

Frants Ekzantusun yazdığı tvitdə deyilir:

"Prezident Jovenel Moizin qatilləri olduqları güman edilən şəxslər milli polis tərəfindən yaxalanıb”.

Leon Şarl isə bildirib ki, muzdlulardan dördü öldürülüb, ikisi isə saxlanıb.

Şarl əlavə edib ki, girov götürülmüş üç polis nəfəri azad edilib.

İyulun 7-dən ölkədə hərbi vəziyyət elan edilib və sərhədlər bağlanıb.

Baş nazirin səlahiyyətlərini icra edən Klod Josef deyib ki, polis və hərbçilər ölkədəki vəziyyətə nəzarət edirlər.

Josef Associated Press agentliyinə müsahibəsində prezidentin qətlinin beynəlxalq təhqiqatına çağırıb.

O habelə bəyan edib ki, bu ilin sonuna təyin edilmiş seçkilər keçirilməlidir.

Prezidenti evində öldürüblər

Haiti Prezidenti Jovenel Moiz ötən gecə öz evində naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Müvəqqəti baş nazir Klod Jozef bunu “qeyri-insani və barbar hərəkət” adlandırıb.

Moizin həyat yoldaşı da yaralanıb, hazırda müalicə olunur.

“Ölkədə təhlükəsizlik vəziyyəti Haiti Milli Polisinin və Haiti Silahlı Qüvvələrinin nəzarətindədir”, – Jozef bəyanatında deyib.

Son vaxtlar Haitidə iqtisadi, siyasi və sosial çətinliklər dərinləşib, paytaxt Port-o-Prens şəhərində bandaların zorakılığı artıb. Ölkədə inflyasiya yüksəlib, ərzaq və yanacaq qıtlığı yaşanıb.

53 yaşlı Moiz 2017-ci ilin fevralından hakimiyyətdə idi.

O, vəzifədə ikən korrupsiya ittihamları ilə üzləşib, çox vaxt zorakılıqla müşayiət olunan antihökumət etirazları keçirilib.

Müxalifətin mövqeyincə, o, mandatını uzatmaqla diktatira qurmaq istəyib. Prezident isə ittihamları rədd edib.

Bu ilin sonuna Haitidə parlament seçkisi keçirilməliydi.