Hacı Vəliyevin işi məhkəməyə gedir

Hacı Vəliyev

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri Hacı Vəliyev barəsində olan cinayət işi ilə bağlı ibtidai istintaqın yekunlaşdığı bildirilir.

Azərbaycanın bir sıra yerli saytlarında yer alan məlumatlara görə, iş baxılması üçün Tovuz rayon Məhkəməsinə göndəriləcək. Amma, hələlik, bu məlumatı rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

H.Vəliyev bu il aprelin 1-də həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur. Onun bir neçə dəfə həbs müddəti uzadılıb.

H.Vəliyevin həbsindən sonra "Gənc Qazilər" İB-nin fəaliyyətinin dayandırıldığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən üzvlər arasında əlaqələrin zəifləməsini nəzərə alaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb: "...Birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik".

H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.

"Gənc Qazilər" İB 2021-ci ildə "Qarabağ Qaziləri" İB-nin əsasında yaradılmışdı.

H.Vəliyev müharibədə gözlərinin birini itirib. Onun digər gözündə də problem olduğu bildirilir.