Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar etdiyi bildirilir.
Penitensiar Xidmətdən Hacı Məmmədovun həbsdə ölümünə münasibət bildirib.
APA-nın xəbərinə görə, açıqlamada bildirilib ki, səhhəti ilə bağlı İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanan, ömürlük məhkum H.Məmmədov dekabrın 3-də kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.
«H.Məmmədov Ağciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində» diaqnozu, şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.
Hadisə yeri müayinə olunub. Mərhumun üzərinə baxış zamanı onun tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib», - məlumatda vurğulanıb.
Faktla əlaqədar Bakı Şəhər Prokurorluğunda cinayət işi başlandığı bildirilir.
Bu açıqlamaya H.Məmmədovun qohumları və vəkilinin hələ ki münasibətini almaq mümkün olmayıb.
Xatırlatma
Daxili İşlər Nazirliyinin (DİN) keçmiş baş əməliyyat müvəkkili H.Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə sonradan ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində həbs ediliblər.
H.Məmmədova qətl, adam oğurluğu və ümumilikdə 80-ə qədər maddələrlə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.
Məhkəmənin qərarına əsasən, DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib. Ancaq sonradan Z.Nəsirovun cəzası azaldılıb və o, azadlığa buraxılıb.
Buna da bax: MTN işində Hacı Məmmədov izi?
Sizin brauzer HTML5-i dəstəkləmir