Güzəştli mənzil satışına görə saxlananlar var

Sizin brauzer HTML5-i dəstəkləmir

Güzəştli mənzillərin satış problemi (2018)

Mənzil İnşaatı Dövlət Agentliyinin ( MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin güzəştlə satışı prosesinə qanunsuz müdaxilə olunduğu iddiası var. Bununla bağlı aprelin 15-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və MİDA birgə məlumat yayıb.

Məlumatda xatırlanır ki, satış bu il martın 30-da gerçəkləşib. Məlumata görə, güzəştlə satış prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslərin xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxiləsi olub. Habelə bildirilir ki, xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə "Güzəştli mənzil" informasiya sisteminə daxil olublar: "Kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə edib, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ... bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar".

Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanıb. Altı Azərbaycan vətəndaşı-Elçin Məmmədov, Ruslan Hacıyev, Firudun Hüseynov, Yunis Lətifzadə, Tərlan Abdullayev və Cavid Məmmədovun təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir. İttihama, hələlik, sözügedən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Açılışdan 3 il sonra dövlətin sosial evlərinin keyfiyyətsizliyi üzə çıxıb

MİDA-nın növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında gerçəkləşib. Qurumun güzəştli mənzillərinin satışı ilə bağlı son illər müxtəlif narazılıqlar olub. Xüsusilə də bu il martın 30-da gerçəkləşən həmin onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olundu. Əvvəlkilərdən fərqli olaraq satışın hətta dörd saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi iddia olundu.

Agentlik təmsilçiləri isə bütün narazılıqlara cavab olaraq prosesi şəffaf və qanunvericiliyin tələblərinə uyğun apardıqlarını açıqlayıblar.

Xatırlatma

Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb. Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır.

Agentliyin açıqlamasına görə, yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşların mənzil almaq hüququ var. Söhbət ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələri və başqa kateqoriyalardan gedir. Müraciət edən gənc ailələrin yaşı 35-dən yuxarı olmamalıdır.

Mənzil ipoteka krediti ilə alındığı zaman 10 faiz minimal ödəniş tələb olunur. Kredit illik 4 faiz dərəcəsi olmaqla 3-30 il müddətinə verilir.

Bu mənzillərin ipoteka kreditləri ilə alınan adi mənzillərdən daha ucuz başa gəldiyi deyilir.