Tbilisi şəhər Məhkəməsi Baş Prokurorluğun tələbi ilə etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham olunan 7 qeyri-hökumət təşkilatının (QHT) bank hesablarını dondurub. Məhkəmənin qərarı ilə Vətəndaş Cəmiyyəti Fondu, Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED), İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI), Demokratiya Müdafiəçiləri, Gürcüstan Demokratiya Təşəbbüsü (GDI), "Sapari", Sosial Ədalət Mərkəzi QHT-lərinin hesabları bloklanıb.
Baş Prokurorluq bildirib ki, hesabların bloklanması təxribat fəaliyyəti və ya ona cəhd halları, xarici təşkilatın və xarici qurumlara tabe olan təşkilatın fəaliyyətinə kömək göstərilməsi, həmçinin konstitusiya quruluşuna və ölkənin milli təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsinin təşkili ittihamları ilə bağlı istintaqla əlaqədardır.
Qeyd olunub ki, sözügedən yeddi təşkilat etirazçılar üçün xüsusi qaz maskaları, qoruyucu eynəklər, maskalar, bibər qazı və digər avadanlıqlar alıb ki, bunlardan nümayişçilər polislə "şiddətli" toqquşmalar zamanı istifadə ediblər.
Bundan əlavə, prokurorluq bildirib ki, bu QHT-lərin rəhbərləri "ictimaiyyəti açıq şəkildə itaətsizliyə və müqavimətə çağırıb, onların təşkilati və maliyyə fəaliyyəti bütünlüklə aksiyalarda zorakılıq hərəkətləri törədən şəxslərin və onların ailə üzvlərinin maddi müdafiəsinə yönəlib".
İddia olunub ki, bu təşkilatlar qayda pozanların yerinə cərimələri və digər müdafiə xərclərini ödəyib.
Ötən ilin noyabrında Gürcüstan hökuməti 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarını dayandırdığını elan edib və bu qərar ölkədə genişmiqyaslı etirazlara səbəb olub. Polşa, Almaniya və Fransa dinc nümayişçilərə, media nümayəndələrinə və müxalifət liderlərinə qarşı zorakılığı, həmçinin siyasətçilərə qarşı təhdidləri pisləyib. Bir sıra Qərb ölkələri, o cümlədən Latviya, Litva və Estoniya etirazçılara qarşı zorakılığa görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edib.